Dnepropetrovsk vilayətinin Nikopolsk rayonunun gecə atəşə tutulması nəticəsində 13 nəfər mülki vətəndaş həlak olub. Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko daha 11 nəfərin yaralandığını, onlardan beşinin ağır vəziyyətdə olduğunu deyib.
Region rəhbərinin sözlərinə görə, Rusiya ordusu gecə saatlarında Marqanets şəhərinə “Qrad”-lardan 80-dən çox mərmi atıb. Marqanets şəhəri və Vısşetarasovka kəndi atəşə məruz qalıb.
Rezniçenko Marqanetsdə 20-dən çox çoxmərtəbəli binanın, İnzibati Xidmətlər Mərkəzi, mədəniyyət sarayı, yataqxana, iki məktəb, şəhər şurasının binası və bir sıra digər inzibati binalara ziyan dəydiyini bildirib. Bundan əlavə, şəhərdə elektrik xətti də sıradan çıxıb.
Vışetarasovkada mərmi düşən bir yaşayış binası tamamilə dağılıb. Daha 11 ev və qaz xətti zədələnib, minə qədər insan qazsız qalıb.
Zaporojye vilayətinin rəsmiləri bölgə atəşə tutulduğu zaman bir qadının öldüyünü bildirib. “İlkin məlumatlara görə, Zaporojye vilayətinin müdafiəçiləri düşmənin iki raketini vurub. Kuşuqum icmasının da atəşə tutulduğu bildirilib. Düşmənin hücumu nəticəsində Kuşuqumda 3 ev dağıdılıb, daha 30-a yaxın ev zədələnib” deyə Zaporojye şəhər şurasının sədri Anatoli Kurtyev bildirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hücumla bağlı şərh verməyib.