Ukrayna Müdafiə Nazirliyinin saytı kiberhücuma məruz qalan 10-a yaxın sayt arasındadır

Ukrayna hökuməti bildirir ki, ölkənin silahlı qüvvələri, bir sıra nazirliklər, eləcə də bankların internet saytları kiberhücuma məruz qaldığı üçün sıradan çıxıb.

Müdafiə Nazirliyi fevralın 15-də Twitter-də yazıb ki, sayt "böyük ehtimalla DDoS hücumuna məruz qalıb". Nazirlik saytın bərpası üçün səylərin davam etdiyini xəbər verir.

Saytlar normal fəaliyyətə qayıdana qədər nazirlik Facebook və Twitter-dən rəsmi kommunikasiyalar üçün istifadə edildiyini bildirib. Digər tərəfdən ArmyInform və Army FM-də hücum zamanı istifadə olunan ehtiyat kommunikasiya saytlarıdır.

AP xəbər agentliyi bildirir ki, Müdafiə Nazirliyi DDoS hücumları səbəbindən fəaliyyətini dayandıran ən azı 10 Ukrayna saytından biridir. XİN və Mədəniyyət Nazirliyi də zərər çəkmiş saytlar arasındadır.

Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi hücumun arxasında kimin dayandığını açıqlamasa da, verilən bəyənatda səbəbkarın Rusiyanın olduğuna inanıldığına işarə edilib.

“Təcavüzkarın kiçik çirkin hiylələr taktikasından istifadə etməsi istisna edilmir, çünki onun aqressiv planları geniş miqyasda baş tutmur” - deyə, yayılan açıqlamada bildirilir.

Hücum nəticəsində ən azı iki bank - Privatbank və Oschadbank saytları və mobil tətbiqləri sıradan çıxıb.

Avropa İttifaqı yanvar Ukrayna qurumlarına təsir edən kiberhücumlardan sonra bildirmişdi ki, Ukraynanın hökumət saytlarına kiberhücumla mübarizədə kömək etmək üçün resursları səfərbər ediləcək.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borrell hələ o zaman bildirmişdi ki, hücumun arxasında kimin dayandığı məlum olmasa da, lakin bunu “təxmin edə bilərik”.

Bu ayın əvvəlində Ağ Evin kibertəhlükəsizlik məsələləri üzrə sözçüsü Ann Neuberger bildirib ki, Rusiya Ukraynada sabitliyi pozmaq və müdaxilə etmək səyləri çərçivəsində kiberhücumlardan istifadə edə bilər.