Avstraliyanın baş naziri Ukraynaya əlavə hərbi dəstək vəd edib

Ukrayna prezidenti Volodimir Zelenski ilə bazar günü Kyivdə görüşən Avstraliyanın baş naziri Entoni Albanes zirehli texnika və pilotsuz təyyarələr də daxil olmaqla, Ukraynaya əlavə hərbi dəstək vəd edib.

Ukraynaya ilk səfərini edən Avstraliyanın baş naziri Albanes Kyivdə keçirdiyi mətbuat konfransında ölkəsinin Ukraynaya “yüz milyon dollarlıq hərbi dəstək” verəcəyini bildirib, lakin Avstraliya dollarını nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib.

Avstraliya dolları ilə bu rəqəm 68 milyon dollar təşkil edəcək.

Baş nazir qeyd edib ki, Avstraliya 14 zirehli daşıyıcı, 20 Buşmaster zirehli maşın və bir neçə pilotsuz təyyarə də daxil olmaqla, Ukraynaya müraciət etdiyi əlavə hərbi texnikanı çatdıracaq.

Zelenski Avstraliyanın Ukraynaya “xüsusən də müdafiə dəstəyi olmaqla, xeyli yardım göstərdiyini və Ukrayna qüvvələrinin Buşmaster maşınını yüksək qiymətləndirdiyini” deyib.

Albanes Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyi iddia edilən Buça və İrpin şəhərlərində, həmçinin Kyivin şimal-qərbindəki Qostomel hava limanında olub.

“Ukraynaya səfər edən ilk Avstraliya baş naziri olmaq mənim üçün böyük şərəfdir” deyən Albanese əlavə edib ki, onun səfəri “dünyaya çox açıq şəkildə Avstraliya xalqı ilə Ukrayna xalqı arasında mövcud olan həmrəyliyi nümayiş etdirəcək”.

Buşmaster

O, Ukrayna prezidentinin, hərbi qüvvələrinin və xalqının “cəsarətinə, dözümlülüyünə və qətiyyətinə” hörmətini ifadə edərək, onların “heç bir təxribat və ya heç bir bəhanə olmadan beynəlxalq hüququ pozana qarşı durmaq əzmində olduqlarını” bildirib.

Avstraliyalı siyasətçi onu da əlavə edib ki, Kremlin vəd etdiyi kimi, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək Böyük-20-lər (G-20) sammitinə qatılacağı təqdirdə “layiq olduğu kimi qəbul” ediləcək.

Albanes Ukraynaya cümə günü Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdükdən sonra səfər edib.