Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi bəyan edib ki, ölkəsi Rusiyanın Kursk bölgəsinə təxminən iki həftə davam edən hücumu ilə Rusiyanın daha çox hücumlarına və qoşunlarının Ukrayna sərhədindən keçməsinə qarşı “bufer zona” yaradaraq, hədəflərinə çatır.
"Biz məqsədlərimizə nail oluruq" - deyə, Zelenski bildirib.
Kyiv avqustun 6-da gözlənilməz hücumla sərhədə qoşun göndərib və bu, Moskvanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamasından bəri Ukraynanın ən böyük hücumudur.
Ukrayna qoşunlarının ölkənin şərq cəbhəsində döyüşlər apardığı bir vaxt Kyivin Rusiya ərazisinə müdaxiləsinin məqsədinin Moskvanı müharibəni dayandırmaq üçün hər hansı sülh danışıqları zamanı "ədalətli" şərtləri qəbul etməsinə məcbur etməkdir. Ukrayna Kursk vilayətindən yüzlərlə rusiyalı hərbçini əsir götürdüyünü deyir.
Ukraynanın şərqində isə Kyiv qoşunlarının vəziyyəti o qədər də yaxşı deyil.
Ukraynanın yerli hakimiyyət orqanları hələ də 53 min insanın yaşadığı Donetsk vilayətinin şərqindəki Pokrovsk şəhərindən uşaqlı ailələrin məcburi təxliyəsinə göstəriş verib.
Rəsmilərin bildirdiyinə görə, Rusiya qüvvələri o qədər sürətlə irəliləyir ki, ailələr təhlükəsizlikləri üçün şəhəri və yaxınlıqdakı digər əraziləri tərk etməlidir. Rus qoşunları aylardır Pokrovska doğru irəliləyir və indi şəhərin kənarından cəmi 10 kilometr aralıdadır.
Ukrayna hərbi rəsmilərinin bildirdiyinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi səhər saatlarında Rusiyanın Kyiv yaxınlığında həyata keçirdiyi hava hücumunu dəf edib.
Hava zərbələri Ukraynanın paytaxtına bazar günü edilən ballistik raket hücumundan sonra həyata keçirilib.
Kyiv Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko Telegram mesajlaşma proqramında "Bu, avqust ayında paytaxta edilən üçüncü ballistik raket zərbəsidir. Hər hücum arasında altı gün fasilələr var" deyib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk üçü ballistik, üçü qanadlı və ikisi idarə olunan olmaqla, Rusiyanın bazar günü səhər səkkiz raket atdığını bildirib. Onun sözlərinə görə, Ukrayna onlardan beşini vurub.
Rusiya Müdafiə Nazirliyinin bazar günü bildirdiyinə görə, qoşunları Ukraynanın təchizat mərkəzi olan Pokrovskdan 15 kilometr aralıda yerləşən kəndi ələ keçirib.
Oleşukun dediyinə görə, həmin əməliyyat çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Kursk vilayətində Seym çayı üzərindəki strateji körpünü dağıdıb. Bu, cümə günündən bəri Ukraynanın virduğu ikinci əsas körpüdür.
"Daha bir körpü yox oldu! Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası dəqiq hava zərbələri ilə düşməni maddi-texniki imkanlardan məhrum etməkdə davam edir ki, bu da hərbi əməliyyatların gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir" - deyə, Oleşuk Telegram mesajlaşma proqramında bildirib.
Ukrayna bildirib ki, avqustun 6-dan, regionda əməliyyatlar başlayandan bəri Kurskda 1150 kvadrat kilometrdən çox ərazisi olan 80-dən çox yaşayış məntəqəsini ələ keçirib.
Zelenski ölkəyə müraciətində "Rusiya ordusuna, Rusiya dövlətinə, onların hərbi-sənaye kompleksinə və iqtisadiyyatına verilən itkilər müharibənin genişlənməsinin qarşısını alır, bu təcavüzə ədalətli son qoyulmasına, bizi, Ukraynanı ədalətli sülhə yaxınlaşdırır" deyib.