Ukraynaya yardımla bağlı qanun layihəsi ABŞ Senatında təsdiq edilməyə yaxınlaşır

US Congress Immigration Foreign Aid (TV) Thumbnail

ABŞ Senatı həftəsonu 95.3 milyard dollarlıq hərbi yardım paketi üzərində işləyir. Onun təxminən 60 milyardı Ukraynanın Rusiyaya qarşı müdafiə müharibəsini dəstəkləmək üçün nəzərdə tutulub.

Cümə günü axşam saatlarında 64 senator qanun layihəsinin lehinə, 19-u isə əleyhinə səsverib. 14 Respublikaçı Demokratlara qoşularaq qanun leyihəsinin növbəti mərhələyə keçməsini dəstəkləyib. Ancaq onlar prezidentliyə namizəd Donald Trampla yaxın əlaqəsi olan bir qrup Respublikaçının etirazları ilə üzləşib ki, onlar ABŞ-ın Rusiyaya qarşı Ukraynaya dəstəyini prioritet hesab etmir.

Senatda çoxluq lideri Çak Şumer senatorlara deyib ki, o, daha çox dəstək qazanmaq üçün qanun layihəsinə dəyişklik etməyə hazırdır , ancaq Nyu York ştatından olan həmin Demokrat senator həmçinin xəbərdarlıq edib ki, onlar “işi bitirənə qədər” sessiya davam edəcək.

Xarici yardım paketi bazar günü mümkün səsvermə ilə Senatdan keçsə belə, onun Nümayəndələr Palatasındakı aqibəti son dərəcə qeyri-müəyyəndir. Həmin palatada çoxluq təşkil edən Respublikaçılar, Ukrayna ilə Rusiya arasında müharibənin üçüncü ilinə daxil olduğu bir vaxtda, ABŞ-ın Avropadakı müttəfiqə yardım etməsinin daha çox əleyhinədirlər.

Bu arada isə ABŞ Prezidenti Co Bayden cümə günü Respublikaçıların Ukraynaya yeri yardımı təsdiqləməkdə ləngimələrini tənqid edib.

“Birləşmiş Ştatlar Konqresinin, Ukraynanı dəstəkləməməsi, belə bir şey olsa, cinayətə qarşı etinasızlığa yaxındır. Bu, biabırçılıqdır,” Bayden Ağ Evin Oval ofisində Almaniya kansleri Olaf Şoltz yanında ikən deyib.

Şotlz Bydenin Ukrayna üçün maliyyə yardımı almaq səylərinə dəstək vermək üçün Vaşinqtona səfər edib.

Şoltz Avropada Demokrat prezident ilə Nümayəndələr Palatasındakı Respublikaçılar arasında Ukraynaya yardımla bağlı qarşıdurma ilə əlaqədar artan narahatlıqlardan bəhs edib.

“Birləşmiş Ştatların dəstəyi olmadan və Avropa ölkələrinin dəstəyi olmadan, Ukraynanın ölkəsini müdafiə etmək imkanı olmayacaq,” Şoltz deyib.

Vaşinqtonda Amerikanın Səsinin Ukrayna xidməti cümə axşam senatorlardan Ukraynaya yardım paketinin təsdiqlənmək şansının olub-olmadığını soruşub.

Demokrat senator və Xarici Əlaqələr Komitəsinin üzvü Kris Mörfi deyib ki, “Bu, Respublikaçılardan asılıdır. Aydındır ki, Demokratlar Ukraynaya yardmı hər hansı şəkildə və ya formada dəstəkləməyə hazırdırlar. Respublikaçılar ötən payızda dedilər ki, onlar sərhəd məsələsi həll olunmayana qədər Ukraynaya yardımın lehinə səs verməyəcəklər. Biz bunu etdik. Biz sərhəd məsələsini həll etmək üçün ikipartiyalı qanun layihəsi hazırladıq. Respublikaçılar dünən onun əleyhinə səs verdi. Onlar hamısı Ukraynaya yardımın əleyhinə səs verdi.”

Respublikaçı Senator Rocer Marşal Amerikanın Səsinə deyib ki, “biz sərhədi həqiqətən də qoruyacaq bir qanun layihəsi təsdiqləməyənədək, mən heç bir əlavə hərbi maliyyə, və ya başqa bir şeyə səs verməyəcəyəm.”

Bir başqa Respublikaçı senator Bill Kassidi qanun layihəsini müdafiə edərək, Amerikanın Səsinə deyib ki, “Birləşmiş Ştatlar müttəfiqlərini dəstəkləməlidir, çünki orada ABŞ-ı dayandırmağa, zərər verməyə çalışan pis ölkələr var. Müttəfiqlərimizi dəstəkləmək Birləşmiş Ştatların maraqlarına uyğundur.”

Silahlı Qüvvələr Komitəsinin Respublikaçı üzvü Tommi Tubervil də qanun layihəsinin əleyhinə olduğunu deyib. “Mən indiyədək Ukrayna üçün heç bir maliyyəni dəstəkləməmişəm. Mən bununla hara getdiyimizi bilmirəm. Bizim daha çox sursata ehtiyacımız var,” o deyib.

Birləşmiş Ştatlar müharibədə Ukraynanın ən böyük hərbi yardım tədarükçüsü olub, lakin Konqresdə Ukrayna, İsrail və Tayvana yardım göstərəcək qanun layihəsi üzərində mübahisə davam edərkən bu yardım dayanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə gecə müraciətində Vaşinqtonun müharibənin əvvəlində Ukraynanın suverenliyi və demokratiyasını müdafiə etməyə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

Ancaq Zelenski qeyd edib ki, Ukrayna qeyri-adi çətinliklərlə üzləşməyə davam edir. “Avropada Kremlin aqressiyasını genişləndirməyə hazırlaşdığna dair artan düşüncələr var. Amerikanın dəstəyinin davam etməsi vacibdir. Və mən bunu başa düşən amerikalı tərəfdaşlarımıza təşəkkür edirəm.”

Zelenski əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “yalnız qarşısında güc görəndə ayılır.”