BMT müharibə başlayandan 6 milyondan çox insanın Ukraynadan qaçqın düşdüyünü xəbər verir

Polşanın Medıka sərhəd keçidində münaqişədən qaçan Ukraynalı ailə yenidən bir araya gələrkən qucaqlaşır, 27 fevral 2022-ci il.

BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) mayın 12-də bildirib ki, Rusiya fevralın 24-də genişmiqyaslı hərbi müdaxiləyə başlayandan bəri 6 milyondan çox insan Ukraynadan qaçıb.

Agentlik 11 may tarixində tərk edənlərin sayının 6,029,705 nəfər olduğunu və onların 90 faizinin qadın və ya uşaqlar olduğunu xəbər verir.

Hələ münaqişənin əvvəlindən Ukrayna hakimiyyəti hərbi, mülki və digər müdafiələri gücləndirmək məqsədilə 18-60 yaş arası kişilərin ölkəni tərk etməsinə qadağa qoyub.

Ölkədən qaçan milyonlarla insanın çoxu qonşu ölkələrə, xüsusilə də Aİ üzvü olan Polşaya gedib.

Daha səkkiz milyon ukraynalı münaqişə səbəbindən ölkədaxilində məcburi köçkün vəziyyətinə düşüb.

Agentliyin məlumatına görə, ukraynalıların xaricə axınının əsas hissəsi mart ayında baş verib ki, onların sayı 3,4 milyon olub.

Məlumata görə, mayın əvvəlindən isə yarım milyona yaxın ukraynalı ölkəni tərk edib.

BMT münaqişənin davam edəcəyi təqdirdə bu il təxminən 8 milyon insanın Ukraynanı tərk edəcəyini proqnozlaşdırıb. Müharibədən əvvəl Ukrayna əhalisi Rusiya və ya separatçıların nəzarəti altında olan ərazilər də daxil olmaqla 44 milyona yaxın idi.