Ukraynalılar xarici müdaxilənin əleyhinədir və ölkənin gələcəyi ilə bağlı özləri qərar vermək istəyir

Yeni sorğunun nəticələri göstərib ki, ukraynalıların əksəriyyəti heç bir xarici ölkənin Ukraynanın gələcəyinə dair qərarlara müdaxilə etmək hüququna malik olmadığını düşünür.

ABŞ-da qərargahlanan Gallup təşkilatının Rusiyanın ilhaq etdiyi Krım yarımadasından xaricdə aprel ayında 1400 ukraynalı arasında apardığı sorğuya əsasən onların 78 faizi xarici müdaxilənin əleyhinədir.

Müstəqil sorğu ABŞ hökumətinin Amerikanın Səsini idarə edən Milli Yayım Şurası tərəfindən maliyyələşdirilib.

Sorğu zamanı Ukraynada insanlar arasında böyük fikir ayrılıqlarının olduğu qeydə alınıb. Mövqelərdə fərqlər coğrafi və milli faktorlarla izah edilir.

Sorğuya əsasən Ukraynanın qərbində əhalinin əksəriyyətinin 28 Avropa ölkəsini və Birləşmiş Ştatları dəstəklədiyini, rusiyapərəst separatçıların Ukrayna təhlükəsizlik qüvvələri ilə döyüşdüyü şərq regionlarında isə bu tendensiyanın azaldığı müşahidə edilir.

Ukraynanın qərbində keçirilən sorğu əhalinin 84 faizdən çoxunun ölkənin Avropa İttifaqına birləşmək istədiyini, şərqdə isə əhalinin cəmi 19 faizinin bu fikirlə razılaşdığını göstərib. Ölkə boyu etnik ukraynalıların əksəriyyəti Avropa ittifaqına üzvlüyü dəstəkləyir, etnik rusların isə beşdə bir hissəsi bu fikirlə razılaşır.

Sorğuda habelə ukraynalıların əksəriyyətinin NATO aliyansına üzv olmaqdan imtina etdiyi göstərilir.

Gallup eyni zamanda Krımda 500 sakin arasında keçirdiyi sorğuda respondentlərin 74 faizinin Rusyaya birləşmənin onların güzaranını yaxşılaşdıracağı" fikri ilə razılaşdığını göstərib.