Britaniya: Rusiya geri çəkilən və fərarilik edən əsgərləri vurmağa hazır ola bilər

Rusiyanın Volqoqrad vilayətinin Prudboy şəhərindəki dəmiryol vağzalında qatara minmək üçün gələn rusiyalılar, 29 sentyabr 2022-ci il.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı gündəlik məlumatında deyilir ki, Rusiya Ukraynada geri çəkilən və fərarilik edən əsgərlərini vurmağa hazır ola bilər.

"Aşağı əhval-ruhiyyə və döyüşmək istəməməsi səbəbindən, yəqin ki, Rusiya qüvvələri "maneə qoşunları" və ya "blok edən bölmələri" yerləşdirməyə başlayıblar. Bu bölmələr hücuma keçmək məüsədilə geri çəkilən öz əsgərlərini güllələməklə hədələyir və bu, Rusiya qüvvələri tərəfindən əvvəlki münaqişələrdə istifadə olunub" – deyə, cümə günü kəşfiyyat məlumatında deyilir.

"Son zamanlarda rus generalları, ehtimal ki, öz komandirlərindən fərarilərə qarşı silahdan istifadə etmələrini istəyiblər, habelə, mümkündür ki, onlara xəbərdarlıq edildikdən sonra, bu cür günahkarları güllələyərək öldürməyə icazə veriblər" – deyə, Müdafiə Nazirliyi bildirib. "Generallardan həmçinin ölənə qədər müdafiə mövqelərini saxlamaları istənilir" – deyə, məlumatda qeyd olunur.

Nazirlik bildirib ki, öz fərarilərini güllələmək taktikası, "çox güman ki, Rusiya qüvvələrinin keyfiyyətsizliyini, aşağı əhval-ruhiyyəsini və intizamsızlığını göstərir".

ABŞ Dövlət Departamentinin məlumatına görə, cümə günü ABŞ Dövlət katibi Antoni Blinken bir sıra beynəlxalq həmkarları - Fransanın xarici işlər naziri Ketrin Kolonna, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə Almaniyada görüşərək "bir sıra əsas məsələlər üzrə transatlantik əməkdaşlığın davam etdirilməsini, o cümlədən Rusiyanın qəddar işğalçı müharibəsi qarşısında Ukraynaya ardıcıl dəstək" və "İranın Rusiyaya hərbi dəstəyi və onun İran xalqına qarşı zorakılıq və təzyiqləri"ni mükarizə edib.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı ölkədə Raket Qoşunları və Artilleriya Günü və Mühəndis Qoşunları Gününü qeyd edərkən öz qoşunlarını tərifləyib.

"Ukrayna artilleriyası Avropada ən güclü, dünyanın isə ən güclü artilleriyalarından birinə çevrilib. Hər zaman da belə olacaq. Kəmiyyət baxımından düşmən artilleriyasının üstünlüyünə baxmayaraq döyüşçülərimiz daha yaxşı nəticələr verir. Topçularımızın üstünlüyü keyfiyyət baxımından - bacarıq, zəka, özünə və ölkəmizə inamdır" – deyə, Zelenski bildirib.

Zelenski həmçinin münaqişə zonasında yaşamağın gündəlik çətinliklərindən danışıb və yerli hakimiyyət orqanlarından "Ukraynanın bütün şəhər və icmalarında elektrik enerjisindən lazımsız istifadənin olmamasına diqqət yetirməyi xahiş edib. İndi parlaq vitrinlər, lövhələr və reklamların vaxtı deyil" – deyə, Ukrayna lideri bildirib.