“İndicə cəbhə xəttinin Ermənistan Silahlı Qüvvələri ilə ən yaxın nöqtələrindən birinə çatmışıq. Aramızdakı məsafə 1 km-dan bir qədər çox olar. Tam sakitçilikdir. Burada yaşayan sakinlər deyir ki, günorta saatlarında bir az atışma olub, amma indi üfüqdə heç bir iz buraxan mərmi və ya güllə görüntüsü yoxdur”. Bu sözləri Amerikanın Səsinə aprelindən 1-dən bəri ikinci dəfədir cəbhə bölgəsinə ezam olunan və yenicə bölgəyə çatmış AzadlıqRadiosunun müxbiri bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, ikitərəfli atəşkəs əldə olunandan sonra yerli sakinlər hələ də atışmaların olduğunu desə də, gecə saatları üçün görülə və eşidilə bilən heç bir atışma yoxdur.
Bir qədər əvvəl AzərTac və Associated Press xəbər agentliklərinin əməkdaşları olan avtomobilin hücuma məruz qalması ilə bağlı xəbəri şərh edərkən o, bu barədə məlumatlı olmadığını, ancaq oxşar hadisə ilə üzləşməmək üçün cəbhə bölgəsinə çatandan bəri avtomobilin işıqlarını söndürərək hərəkət etdiklərini bildirib.
“Dövlət sirri və hərbi sirr haqqında qanunda bu çox gözəl yazılıb. Əslində bir qədər də jurnalistlərin özünün fərdi olaraq maariflənəndən sonra buraya gəlməsinə daha çox ehtiyac var. Vəziyyət belədir: akkreditasiyadan keçmiş jurnalistlərə cəbhənin ən ön xəttinədək getməyə icazə verilir. Amma orada da, çəkilməli və çəkilməli olmayan şeylər var”.
Ciddi hücumlara məruz qalan bəzi kəndlərin əhalisinin könüllü şəkildə ailə üzvlərini kənddən çıxardığını bildirən jurnalist MN rəsmilərinin bu işdə insanları heç nəyə məcbur etmədiyini deyir. “Kənd yerlilərin öz qərarı ilə boşaldılmışdı. Kəndin kişiləri evlərində qalır və ya kəndin ətrafında, maşınlarda, təhlükəsiz yerlərdə gecələyirlər, amma ailə üzvlərini, qadınları və uşaqları rayon mərkəzinə və ya başqa rayonlarda olan qohumlarının evinə aparırlar”.
O, deyir ki, söhbətləşdiyi adamların heç biri zorla və ya Müdafiə Nazirliyinin təklifi ilə kəndlərdən çıxmadığını bildirib.
“Mən təmas xəttində yerləşən kəndlərdə həmişə çox yaxşı ruh yüksəkliyi görmüşəm. İnsanlar çox rahat və sərbəst şəkildə yaşayışlarını davam etdirirlər və onlar etiraf edirlər ki, burada qalmaqlarını Azərbaycan Silahlı Qüvvələrinə borcludurlar” – deyə jurnalist Amerikanın Səsinə müsahibəsində bildirib.
AzadlıqRadiosunun təmas xəttinə ezam olunmuş müxbirinin Amerikanın Səsinə verdiyi müsahibəni dinləməklə cəbhə bölgəsindən daha ətraflı məlumat əldə edə bilərsiniz.