E. Wayne Merry: Tərəflər tədricən ağır silahlardan istifadə edir [Video-Müsahibə]

  • Əsgər Möhsümoğlu

Your browser doesn’t support HTML5

Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə baş tədqiqatçısı E. Wayne Merry Amerikanın Səsinə danışır

Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə baş tədqiqatçısı E. Wayne Merry Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş verən toqquşmaları şərh edib. Onun sözlərinə görə hazırda müşahidə edilən toqquşmalar 1990-cı illərin əvvəllərində müşahidə olunmuş qarşdurmalardan bir neçə xüsusiyyət üzrə fərqlənir. Cənab Merry eləcə də xarici qüvvələrin münaqişəyə müdaxilə ehtimallarını dəyərləndirib.

Amerikanın Səsi: Cənab Merry, biz münaqişənin hərbi aspektlərinə diqqət yetirmək istərdik. Indiyədək gördüklərinizdən sizi təəccübləndirən nəsə olubmu?

E. Wayne Merry: Təəssüf ki, yox. Bizim gördüklərimiz artan şəkildə zorakılıqlar dalğası olub ki, burada biz tədricən daha ağır silahlardan istifadə olunduğunu müşahidə edirik. Hadisələr artıq bir müddətdir ki, bu istiqamətdə inkişaf edir. Əvvəllər toqquşmalar kiçik-miqyaslı piyada qarşıdurmalarından ibarət olurdu. Son illərdə isə biz bombardman, minamyot, artilleriya, tanklar və kiçik miqyasda da olsa, aviasiya - dronlar, helikopterlərdən - istifadənin şahidi olmağa başlamışıq. Təəssüf ki, son günlərin toqquşmaları ötən illərdə baş verən hadisələrin məntiqi gedişatının bir hissəsidir.

Amerikanın Səsi: Siz qeyd etdiyiniz kimi, hər iki tərəfdə artilleriyadan geniş istifadə olunur. Müəyyən qədər aviasiya cəlb olunub, amma elə də böyük miqyasda yox. Habelə tərəflərin mövqelərində cüzi dəyişiklik baş verib. Bu hərbi münaqişə növünü necə səciyyələndirərdiniz? Hərbi hədəflər sizcə nədir?

Son illərdə isə biz bombardman, minamyot, artilleriya, tanklar və kiçik miqyasda da olsa, aviasiya - dronlar, helikopterlərdən - istifadənin şahidi olmağa başlamışıq.

E. Wayne Merry: Uzaq məsafədən hər iki tərəfdə hərbi plan quranların düşüncələrini oxumaq çətindir. Amma bəzi məsələlər diqqət cəlb edir. Birincisi, cəbhənin mərkəzi sektorunda - bir vaxtlar Ağdam şəhəri olmuş ərazidə qızğın döyüşlər getmir. Gördüyümüz budur ki, qarşıdurma əsasən Dağlıq Qarabağın ən şimal bölgəsində və cənub sektorunda müşahidə olunur. Bu ərazilərdə erməni qüvvələr nisbətən təcrid olunub və təchizat mərkəzindən uzaqdadırlar. Azərbaycanın bu ərazilərdə qüvvə yerləşdirmək imkanları daha genişdir. Aydındır ki, hər iki tərəfdə əməliyyatlar koordinasiyalı şəkildə aparılır. Baş verənlərin gələcəkdə daha iri əməliyyatlara yol açacağını deyə bilmərəm. Gördüklərimi mən kombinasiyalaşdırılmış hərbi əməliyyatlar kimi təsvir edərdim, amma hər halda bu, kiçik miqyasdadır.

Amerikanın Səsi: Bu konfliktə kənar qüvvələrin müdaxiləsini görürsünüzmü?

E. Wayne Merry: Xeyr, görmürəm. Təsəvvür edə bilmirəm ki, 3 regional qüdrət – Rusiya, Türkiyə və İran, vəziyyət son dərəcə pisləşməyənədək, bu münaqişəyə müdaxilə etsinlər. Sözsüz ki, ABŞ bunu etməyəcək.

Amerikanın Səsi: Sizcə ən pis ssenarilər hansılardır? Vəziyyəti dəyişən amil, xarici qüvvələrin müdaxiləsinə yol açan amil hansı ola bilər?

Əgər Türkiyənin müttəfiqi Azərbaycan, yaxud Rusiyanın mütəffiqi Ermənistan döyüş meydanında ciddi geriləmə ilə üzləşsələr, onda bir hərbi müdaxilə təhlükəsi ilə üzləşə bilərik.

E. Wayne Merry: Sual budur ki, baş verənlər artan xətt üzrə cərəyan edən döyüşlərin bir hissəsidir, yaxud bu, qarşıdan gələn günlərdə və ya həfətələrdə baş verəcək iri kampaniyanın taktiki başlanğıcıdır. Bunu bilmək çətindir. Əgər iki respublika arasında əsl müharibə başlansa - və söhbət burada yalnız Dağlıq Qarabağ ətrafındakı təmas xəttində toqquşmalardan getmir - belə bir hal regional və xarici qüdrətləri, o cümlədən ABŞ-I, diplomatik və siyasi baxımdan müəyyən addımları nəzərdən keçirməyə vadar edə bilər. Yeganə o halda iri qüdrətlərdən hansısa münaqişəyə müdaxilə edər ki, tərəflərdən biri ağır hərbi məğlubiyyətə düçar olsun. Yəni əgər Türkiyənin müttəfiqi Azərbaycan, yaxud Rusiyanın mütəffiqi Ermənistan döyüş meydanında ciddi geriləmə ilə üzləşsələr, onda bir hərbi müdaxilə təhlükəsi ilə üzləşə bilərik. Amma bu elə bir variantdır ki, nə Rusiya, nə də Türkiyə buna yüngül yanaşmırlar. Həm Moskva həm də Ankaranın zənbilləri onsuz da problemlə doludur. Burada xarici və daxili problemlər var. Dşünmürəm ki, hansısa rəhbərlik Qafqazda öz üzərinə əlavə hərbi yük götürməyə həvəs göstərsin. Təəssüf ki, Rusiya və Türkiyə arasında münasibətlər Suriya üzündən pisdir. Normalda bu iki dövlətin koordinasiyası böhrana diplomatik müdaxilə üçün ən yaxşı variant olardı. Amma əfsus ki, Moskva ilə Ankara arasında münasibətlər olduqca pisdir.

Amerikanın Səsi: Son baş verənlər Vaşinqtonun Azərbaycan yaxud Ermənistan rəhbərliyinə münasibətinə necə təsir göstərə bilər?

E. Wayne Merry: Tanımaq lazımdır ki, Vaşinqtonun nöqteyi-nəzərindən Cənubi Qafqazın 20, hətta 10-15 il əvvəllə müqayisədə ABŞ üçün önəmi azalıb. Buna səbəb müəyyən mənada Xəzər neft və qazının əvvəl düşünüldüyündən daha az əhəmiyyət kəsb etməsidir. Azərbaycanın Əfqanıstana hərbi tranzit rolu da əsasən keçmişdə qalıb. Digər səbəb Vaşinqtonun Ermənistan və Azərbaycan rəhbərliklərindən narazı qalmasıdır. ABŞ Ermənistanda demokratik geriləmələrdən və Azərbaycanda avtoritar sistemin formalaşmasından qeyri-məmnundur. Hazırda Ermənistanın Konqresdə çoxlu dostları var. Amma hökumətin tərkibində nə Azərbaycan, nə də Ermənistanın çox elə müdafiəçisi var. Bu, o demək deyil ki, Vaşinqton Qafqazda baş verənlərə yaxud Rusiya, Türkiyə və İranın cəlb oluna biləcəyi eskalasiyaya məhəl qoymur. Amma bütün hallarda ABŞ-ın ələlxüsus seçki ilində hansısa xarici münaqişəyə müdaxilə etməyə hazır olması fikri reallıqdan uzaqdır.