Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bazar ertəsi bildirdiyinə görə, ölkəsinin İqtisadiyyat Nazirliyi Ukrayna ilə gələn ilin ortalarına qədər başa çatacağı gözlənilən ikitərəfli ticarət sazişi üzrə danışıqlara başlamaq niyyətindədir.
Qərbin "OPEC+" üzvü olan Moskvanı təcrid etmək üçün Körfəz nefti istehsalçılarına təzyiqlərinə baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri Rusiya-Ukrayna müharibəsində neytral qalmağa çalışıb.
Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani Əl-Zeyodi və Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" (CEPA) üzrə danışıqlara dair birgə bəyanat imzalayıb.
Bu, Ukrayna prezidenti Volodimir Zelenskinin 2021-ci ilin fevralında Körfəz dövlətinə səfəri zamanı verdiyi 3 milyard dollardan çox ticarət və investisiya vədlərindən sonra Birləşmiş Ərəb Əmirliklərinin Avropa ölkəsi ilə ilk müqaviləsi olacaq.
"Bizim üçün Ukrayna əsas ticarət tərəfdaşıdır. Geo-siyasi vəziyyətdən əvvəl artım və investisiya potensialı yüksək idi. Düşünürük ki, işləri irəli aparmağın vaxtı çatıb" - deyə, Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani Əl-Zeyodi Reuters xəbər agentliyinə bildirib.
Birləşmiş Ərəb Əmirlikləri nazirliyinin hesablamalarına görə, 2021-ci ildə BƏƏ-Ukrayna qeyri-neft ticarətində əvvəlki illə müqayisədə təxminən 29%, 2019-cu ildəkindən isə 12% çox olmaqla, əldə edilən gəlir 900 milyon dollardan bir qədər çox təşkil edib.
Danışıqlar zamanı əsas diqqət çox ehtimal ki, xidmət sektorunda ticarətin genişləndirilməsi imkanlarına və ərzaq təhlükəsizliyinə yetiriləcək. Ukrayna Yaxın Şərqin əsas taxıl tədarükçüsüdür.
Nazirliyin bəyanatında deyilib ki, Ukrayna ilə "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nə əsasən Ukraynanın kənd təsərrüfatı və sənaye məhsulları üçün Asiya, Afrika və Yaxın Şərqin yeni bazarlarına çıxışı olacaq.