Təhsil naziri məktəb direktorları ilə görüşüb

Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Bu barədə bu gün, aprelin 17-də Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətləri ilə bağlı tapşırıqlar verib. Habelə, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi istənilib: "Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə, hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb. Ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin "Xüsusi hallar barədə" 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi bir daha vurğulanıb".

Təhsil naziri "hər bir şagirdinizi tanıyın" tapşırığını verib.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilir. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Üstəlik, məktəb direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. O, məhkəmənin qərarı ilə ev dustağı olub.