Tədqiqatlar Rusiyanın Sputnik peyvəndinin COVID-19-a qarşı təhlükəsiz və effektiv olduğunu göstərir

Rusiya alimləri Britaniyanın tibb jurnalında dərc olunmuş araşdırmanın ilkin nəticələrinə görə, Sputnik-V peyvəndinin COVID-19-a qarşı təhlükəsiz və təsirli olduğunu bildiriblər.

Tədqiqatçılar bildirir ki, ötən payız Rusiyada təxminən 20 min insanın iştirak etdiyi sınaqlara əsasən, peyvənd insanlarda COVID-19-un qarşısını almaqda 91% təsirlidir. Tədqiqat fevralın 2-də “The Lancet” jurnalında onlayn nəşr olunub.

Tədqiqatla əlaqəli olmayan alimlər Rusiya peyvəndinin hazırlanması və paylanmasının sürətinin "görünməmiş tələskənlik, kəsə yol seçmə və şəffaflığın olmaması" üçün tənqid olunduğunu etiraf ediblər.

"Ancaq burada bildirilən nəticə aydındır. Artıq başqa bir peyvənd COVID-19-un yayılmasını azaltmaq üçün mübarizəyə qoşula bilər" – deyə, britaniyalı alimlər Yan Cons və Polli Roy qeyd edib.

Sputnik-V peyvəndi Rusiya hökuməti tərəfindən avqustun 11-də böyük təntənə ilə təsdiq edilmişdi. O vaxt peyvənd yalnız onlarla insan arasında sınaqdan keçirilmişdi.

Bəzi ilkin nəticələr sentyabr ayında açıqlanmışdı, lakin sınaqda iştirak edənlər yalnız təxminən 42 gün ərzində izlənmişdilər və müqayisə qrupu olmamışdı.

Bu məlumatların paylaşılması Pfizer və AstraZeneca şirkətlərinin istehsalı azaltması səbəbindən Avropada 450 milyon vətəndaşı üçün kifayət qədər peyvənd əldə etməkdə çətinliyin yarandığı vaxta təsadüf edir. Eyni zamanda, ABŞ-da peyvəndlərin ultra-soyuq soyuducularda saxlanması ehtiyac və ölkə üzrə paylanma planına dair qərarın verilməməsi ilə əlaqədar çətinliklər yaranıb.