Təbrizin bələdiyyə binası məhv olmaq təhlükəsi ilə üzləşib

Təbriz bələdiyyəsi

Təbrizin simvolu kimi tanınmış bələdiyyə binasından şəhər idarəçiliyi üçün istifadə edilməsinə davam etdirilməsi bu tarixi binanı məhv olmaq təhlükəsi qarşısında qoyur.

Təbriz Şəhər Məclisinin iclaslarının bu binada keçirilməsi və bu binanın qədim tarixi otaqlarından şəhər məclisi üzvlərinin fasiləsiz və davamlı istifadə etməsi, digər tərəfdən tarixi binaların qorunması və ömrünün uzanması üçün gərəkli olan tədbirlərin heç birinin tətbiq edilməməsi nəticəsində binanın bəzi yerləri və divarları xəsarət alıb.

"Bu şəhərin qədim tarixinin və mədəniyyətinin simvolu olan bu möhtəşəm malikanəyə laqeyd yanaşmaq düzəlməz hala gəlib çatacaq", Təbriz Şəhər Məclisinin üzvü Qulamhüseyn Məsudi Reyhan İRNA xəbər agentliyinə deyib.

Məsudi Reyhan həmçinin son illərdə binanın durduğu yerində eroziya baş verdiyini və acil bir tədbir alınmazsa "binanı qurtarmaq gec olacaq" kimi xəbərdarlıq edib. Şəhər Məclis üzvləri tarixi binanın təmir edilməsi üçün bələdiyyəyə 300 milyon tümənlik büdcə ayrıdığını, ancaq bələdiyyənin lazım olan addımları atmadığı üçün gileylənir.

Azərbaycan Milli hökümət dönəmi

İSNA xəbər agentliyi Təbriz Şəhər Məclisinin iclaslarının bu binada keçirilməsi ilə bağlı tənqidlər irəli sürərək, iclasların tarixi bələdiyyə binasında keçirilməsinə görə bəzi zamanlar binanın qapılarının turistlər üçün bağlı olduğunu və avtomobillərin ətrafda hərəkətinin binaya zərər verdiyini yazıb.

Şəhər Məclisinin üzvlərinin hamısı bu möhtəşəm tarixi binanın muzeyə çevrilməsi barədə həmfikir olsalar da çox yaxın gələcəkdə binanın məclis üzvləri tərəfindən boşaldılması və muzeyə çevrilməsi gözlənilmir. İllər öncə də Təbriz Şəhər Məclisinin üzvləri binanın muzeyə çevrilməsi və bələdiyyənin şəhər məclisinin iclaslarını keçirmək üçün yeni bina inşa etməsinə dair layihə təqdim etməsinə rəğmən bu barədə gərəkən addımlar atılmadığı müşahidə olunur.

Rəsmilər qədim Təbriz şəhərindəki tarixi evlər və binaların çoxunun məhv olduğunu, qalan 10 faizinin də məhv olmaq üzrə olduğunu deyib.

SEE ALSO: 'Təbrizin tarixi binalarından sadəcə onda biri qalıb'

Təbriz Bələdiyyə Sarayı 1936-1940 illəri ərzində Təbrizin o dönəmdə olan bələdiyyə rəisi Ərfə-ülmük Cəlili tərəfindən inşa edilmiş, daha sonra İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır. Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.

İngilis şirkəti Gillett & Johnston tərəfindən hazırlanan Təbriz Bələdiyyə binasının saatı isə 80 ildən çoxdur ki davamlı şəkildə çalışır. Qüllənin başındakı böyük zənglərin ritmik rezonansı hər 15 dəqiqədə vaxt keçdiyini xatırladır.