Təbriz sakini Şahin Bərzigərin iyulun 22-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparıldığı bildirilir. Həmçinin milli fəal Əmir Səttari Rəuf da Təbrizdə axşam saatlarında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Şahin Bərzigərin şəhərdə Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən saxlanılaraq həmin İdarənin təcridxanasına köçürüldüyü bildirilib. Milli fəal Şahin Bərzigərə Təbriz vaxtı ilə gecə saat 1 radələrində ailəsi ilə telefon əlaqəsi qurmağa imkan verilib.
Bərzigər 2019-cu ilin noyabrında İranda baş verən kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən atasının evində həbs edilib, daha sonra ilkin məhkəmədə 1 il həbsə məhkum edilmişdi. Apellyasiya Məhkəməsi isə milli fəalın hökmünü dəyişərək 3 ay həbs cəzası qarşılığında 3 milyon tümənlik pul cəriməsi ödəməyə məhkum etmişdi.
Digər saxlanılan milli fəal Əmir Səttari Rəufun həbs edilmə səbəbləri və eləcə də harada saxlanıldığı barədə, hələ ki, heç bir məlumat yayılmayıb. Səttari daha öncə 2018-ci ildə ölkənin bütövündə baş tutan kütləvi etirazlar əsnasına həbs edilmişdi. Səttari həbs olduğu müddətdə məhkəmə dosyesi ilə əlaqəli prosedurun qüsurlarına etiraz edərək 15 gün boyunca aclıq aksiyası keçirmişdi. O, Təbriz apellyasiya məhkəməsi tərəfindən 5 il həbsə məhkum edilmişdi. Səttari 2 il sonra, keçən il iyunun 29-da həbs cəzasının qalan hissəsinin təxirə salınması nəticəsində həbsxanadan sərbəst buraxılmışdı.