Təbrizdə havanın çirklənməsi əhali üçün təhlükəli həddə çatıb

Təbriz

Təbrizdə üç gündür yüksək həddə çatan hava çirkliliyi artıq “həssas insanlar üçün təhlükə” səviyyəsini aşaraq əhali üçün təhlükəli həddə gəlib.

Tasnim xəbər agentliyinə istinadən, ətraf mühit idarəsi Təbrizdə hava çirkliliyi ilə əlaqədar ictimai xəbərdarlıq elan edib.

Agentlik bu günlərdə İran Azərbaycanının ikinci böyük şəhəri olan Urmiyədə də havanın çirklənməsinin yüksək səviyyədə olduğuna dair məlumat yayıb.

Urmiyə

Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən yerli mətbuat qurumları təhlükəli səviyyəyə çatan çirkli havanın pandemiya ilə bağlı vəziyyəti daha da çətinləşdirdiyini önə çəkirlər.

“Nasr News” internet portalı çərşənbə axşamı günü Təbrizin illərdir çözülməyən çirkli hava problemi haqda ətraflı bir reportaj yayımlayıb.

SEE ALSO: Sənayeləşməmiş Urmiyə niyə İranın ən çirkli şəhərləri arasındadır?

Reportajda qeyd edilir ki, “illərdir ki havanın çirklənməsi xüsusilə soyuq mövsümdə Təbriz əhalisinin sağlamlığını təhdid edir. Amma vəziyyətin dəyişməsi yönündə heç bir addım atılmır. ‘Təmiz hava qanunları’ isə icra edilmir, məsulların masasındakı kağızların üzərində qalmağa davam edir. Görünən o ki, məsullar da heç bir iş görmədən əhali kimi külək və yağışa ümid bağlayır.”