Türkmənistan 1402 məhbusu əfv edir

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın avtoritar prezidenti Qurbanqulu Berdiməhəmmədov 1402 məhbusu əfv edib.

Dövlət mediası nazirlər kabinetinin mayın 15-də keçirilmiş iclasından sonra “öz cinayət əməllərindən peşman olan” 1192 ölkə vətəndaşı və 210 xarici vətəndaşın həbsxanalardan azad ediləcəyi haqda məlumat verib.

Məhbuslar bu ay mayın 19-da müqəddəs Ramazan ayının Qədr gecəsindən öncə azad ediləcək.

Əfv olunanların siyahısının hansı əsaslarda hazırlandığı haqda məlumat verilməyib. Cinayət törədənlərin adları, Cinayət Məcəlləsinin hansı maddələri üzrə məhkum edildikləri və həbs cəzalarının hansı hissəsini çəkdikləri də qeyd edilməyib.

Əvvəlki illər Berdiməhəmmədov ölkədə işsizlik səviyyəsinin yüksək olması və iqtisadi inkişafın yavaşıdığına baxmayaraq, yerli rəsmilərə əfv olunanların işlə təmin edilməsi haqda göstəriş vermişdi.

Türkmənistan dünyanın ən təcrid olunmuş və repressiv ölkələrindən biridir.

Həbsxanalarda yüzlərlə siyasi məhbusun olduğuna inanılır. İnsan hüquqları qruplarının bildirdiyinə görə, onlarla şəxs xarici dünyadan tamamilə təcrd olunaraq, sərt şəraitdə saxlanılır.