Türk ulduzlar Nyu Yorkda

Your browser doesn’t support HTML5

2002-ci ildə qurulan Tribeca film festivalı dünyanın ən mühüm müstəqil film festivallarından biridir. Festivalda qısamestrajlı film, sənədli film, bədii film kimi fərqli janrlarda filmlərə yer verilir.

Ali Atay və Hazal Kaya

Hər il keçirilən festivalda minlərlə film nümayiş olunur. Həmçinin film sahəsində ad qazanan dünya ulduzlarının çıxışları keçirilir. Bu il çıxış edənlər arasında Al Paçino, Robert De Niro, Martin Skorses, Gilyermo Del Toro kimi məşhurlar olub.

Bu il bu festivalda Türkiyəli rejissor Cenk Ərtürkun çəkdiyi “Nuh Təpəsi” filmi də yer alıb. Rejissorun ilk uzunmetrajlı filmində Türkiyənin ulduzları Haluk Bilginer, Ali Atay və Hande Doğandemir yer alıb.

“Nuh Təpəsi” filmi ata-oğul münasibətləri, ailə dəyərləri, din, yaddaş, ayrılıq, şəhər-kənd qarşıdurmaları kimi bir çox fərqli mövzunu içində birləşdirən hekayəyə sahibdir. Ömrünün son günlərini yaşayan ata - İbrahim (Hakuk Bilginer), oğlu Ömərdən (Ali Atay) onu ölmədən dünyaya gəldiyi kəndə aparmasını xahiş edir. Ömər atasını kəndə gətirdikdən sonra öyrənir ki, atasının xahişləri bununla bitmir: o, öləndə uşaq vaxtı əkdiyi ağacın altına basdırılmaq istəyir. İbrahim və Ömər ağacı görməyə gedərkən qeyri-adi xəbərlə qarşılaşır. Bu ağac kənd camaatı tərəfindən pirə çevrilib. Hər gün yüzlərlə insan dualarının qəbul olunması üçün bu ağacı ziyarət edir. Beləliklə, Ərtürkün filminin hekayəsi bu münaqişənin ətrafında baş verir.

Haluk Bilginer Türkiyənin beynəlxalq arenada şöhrət qazanan rejissoru Nuri Bilge Ceylanın çəkdiyi “Qış Yuxusu” filminin baş rolunu canlandırıb. Film Kann kinofestivalının ən əsas mükafatı olan Qızıl Palma Budağına layiq görülmüşdür.

Nuh Təpəsi filminin yaradıcı heyəti

Ali Atay isə,Türkiyədə çəkilən “Leyla ilə Məcnun” serialında canlandırdığı Məcnun obrazı ilə şöhrət qazanıb. Bundan başqa Atay özünü bir neçə filmdə rejissor olaraq da sınayıb. “Nuh Təpəsi” filmində Ali Atayın tərəf müqabilini oynayan aktrisa Hande Doğandemir isə “Günəşi Beklerken” serialında canlandırdığı Zeynəb obrazı ilə yaddaşlarda qalıb.

Hande Doğandəmir

Film 2017-ci ildə Bursa şəhərində çəkilib. Qeyd edək ki, Cenk Ərtürk Nyu York Universitetinin tələbəsi olub. O, bu filmin ssenarisini Nyu Yorkda ikən yazıb:

“İllər öncə, atamla onun kəndinə getmişdik. Kənddə gəzərkən gözümün qabağında bir ağac yıxıldı. Ağac heç bir səbəbsiz, öz-özünə sürətlə çökdü və mən bundan çox təsirləndim. Bu haqda atamla danışdıq. Kim bilir, bu ağac nədən təsirlənib yıxıldı deyə düşündüm. O vaxtdan bu ağacın simvolu gözümün qabağında idi və illər sonra Nyu York Universitetində qısa film ssenarisi yazarkan o ağacın ətrafında qurdum. “