Türkiyədə 1 may yürüşlərində iştirak edən yüzlərlə insan polis tərəfindən saxlanılıb

İstanbulun valisinin ofisinin və Reuters-ə danışan şahidlərin bildirdiyinə görə, Türkiyə polisi şənbə günü 1 may işçi bayramı günündə koronavirusla əlaqədar komendant saatı çərçivəsində 212 nəfəri saxlayıb.

İğtişaş polisi və mülki geyimli zabitlər həmkarlar ittifaqının liderləri və başqa nümayişçilərlə toqquşma yaşayıblar. Onlar İstanbulun Taksim Meydanı yaxınlığında nümayişçilərin bəzilərini yerə itələyib, daha sonra isə onlarla nümayişçini həbs edib.

Valinin ofisi bildirib ki, həmkarlar ittifaqlarının bəzilərinə bayramı qeyd etmək üçün tədbir keçirmələrinə icazə verilib, amma qapanma tədbirlərini pozaraq orada qanunsuz toplanan və dağılmaq çağırışlarına məhəl qoymayan digər nümayişçilər saxlanılıb.

Dövlətə məxsus Anadolu Agentliyi bildirib ki, İzmir şəhərində də 20 etirazçı həbs olunub.

Türkiyə bu həftə 17 günlük qapanma tətbiq edib. Buna koronavirus yoluxmalarının qarşısını almaq üçün insanların evdə qalmalarına məktəblər və bəzi bizneslərin bağlanmasına dair göstərişlər daxildir.

Yerli media İstanbul və Ankarada polisin müxbirlərin İşçi günü nümayişlərini və həbsləri işıqlandırmasının qarşısını almaq cəhdləri barədə xəbər verib.

Türkiyə mediası cümə günü polis zabitlərinə insanların təhlükəsizlk qüvvələri vəzifələrini yerinə yetirərkən onları telefonlarının kamerası ilə çəkmələrinə icazə verməmələri üçün göstəriş verildiyini bildirib. Tənqidçilər bunu qanunsuz və vətəndaşların haqlarına təhdid adlandırblar.

Türkiyə polisi bu xəbərlərə münasibət bildirməyib. Mətbuat işçilərinin həmkarlar ittifaqı DISK Twitter-də yazıb ki, 1 may hadisələrini işıqlandıran jurnalistlərə “polis əngəl törədir” və əlavə edib ki, "polisin orada dövrə vurması onlara mane ola bilməz".