Türkiyə necə əzici dron qüdrətinə çevrildi - təhlil

Hələ 2019-cu ildə ABŞ-da qərargahlanan The Intercept məcmuəsində dərc olunan yazıda Umar Faruk Türkiyənin hərbi dron sənayesində qlobal miqyaslı qüdrətə necə çevrilməsini təhlil etmişdi. Bu günlər həmin dronlardan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda istifadə bu sıçrayışın təkamülünə diqqət cəlb edir.

Türkiyənin "ikinci dron" dövrünə daxil olduğunu bir il öncə vurğulamış Faruk proseslərin başlanğıc nöqtəsini 11 sentyabr terror hücumlarından sonra ABŞ hərbi müdafiə sənayesində cərəyan edən proseslərlə səciyyələndirir. Lakin texnologiyanın mənbəyinin ABŞ olması digər ölkələrin bu vasitədən effektiv istifadəsini istisna etmirdi.

"Hazırda Türkiyə öldürücü dronlardan ən çox istifadə edərək ABŞ və Birləşmiş Krallıqla yarışır. Türkiyə bu texnologiyadan Suriyada İŞİD-ə və Türkiyənin İraq və İranla sərhədi boyunca PKK-ya qarşı istifadə edir," Faruk yazır.

Onun sözlərinə görə, Türkiyənin dron proqramının 'xaç atası' Selçuk Bayraktardır.

"Türkiyə ilk dron dövrünə köhnə üsulla, 1996-cı ildə ABŞ-ın General Atomics şirkətindən altı silahsız dron alaraq daxil olub. GNAT 750 dronları yalnız video görüntülər ötürə bilirdi. Dron PKK-nın hərəkətlərinin video görüntülərini lentə alsa da, ərazidəki Türkiyə qüvvələrinin həmin görüntüə reaksiya olaraq hərəkətə keçmələri uzun zaman alırdı."

Türkiyə dron proqramının rəhbəri sayılan Selcuk Bayraktar həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Faruk yazır ki, Türkiyə 2006-cı ildə İsraildən 10 ədəd silahsız Heron dronu almışdı. Onlar İsrail personalı tərəfindən idarə olunduğu üçün Türkiyə onların əldə etdiyi görüntülərin İsrail kəşfiyyatına ötürüldüyündən naharat idi.

"Türkiyə və İsrail 2010-cu ildə diplomatik əlaqələrini kəsdikləri üçün Türkiyə Heronları yerli dronla əvəzləyəcəyini elan etdi. Türk Aerokosmik Sənayesi, TUSAŞ-ın inkişaf etdirdiyi Anka və ya Phoenix dronunun qanad uzunluğu 17 metr idi və o, təxminən 10,000 metrlik yüksəklikdə 24 saat havada qala bilirdi. Amma bu dron da Heron kimi silahsız idi."

Həmin vaxt ABŞ Türkiyəni amerikalıların idarə etdiyi bir sıra Predator dronları daxil olmaqla video görüntü və siqnal kəşfiyyatı ilə təmin edirdi. Lakin Vaşinqton NATO müttəfiqinin İsrailə təhlükəsizlik riski yarada biləcəyinə dair narahatlıqlar səbəbilə Türkiyəyə slahlı dron satmağı rədd etmişdi.

Farukun yazdığına görə, Türkiyə ilə NATO müttəfiqləri arasında soyuqlaşma Bayraktar üçün bir fürsət yaratdı.

"O, 2015-ci ildə ən qabaqcıl dronu olan TB2-ni nümayiş etdirdi və bu dronlar Türkiyə ordusununun diqqətini çəkdi. Dron 4 kilometr hündürlükdən Türkiyə istehsalı olan idarə oluan raketlə 8 kilometr uzaqdakı hədəfi vura bilir.

Faruk bu yönümdə Bayraktarın Prezident Rəcəb Tayyib Ərdoğanın kiçik qızı ilə evlənməsinin əhəmiyyətini və bunun şirkətin uğurlarına verə bilmiş olduğu töhfəyə diqqət çəkir.

"Hazırda TB2 Ankaranın hava əməliyyatlarının əsasını təşkil edir. Dron 24 saat boyunca 7315 metr hündürlüyündə uça bilir. Türkiyə qüvvələri tərəfindən istifadə olunan 75-dən çox TB2 dronu Türkiyənin PKK-ya qarşı mübarizəsində çox istifadə olunur. Demək olar hər gün Türkiyə dronu ya hədəfi vurur, ya da onun yerini müəyyən edir ki, həmin hədəf F-16 və ya hücum helikopteri tərəfindən vurulsun. Son iki ildə dronlar Ankaraya PKK üzvlərini havadan məhv etməyə imkan verdiyi üçün onlar xalqın pərəstişini qazanıb."

Farukun sözlərinə görə, dron texnologiyasının təşəbbüsçüsü olaraq ABŞ yəqin ki, bu rəqabətdən kənar durmayacaq və Türkiyənin dron snayesindəki hegemonluğunun nə qədər sürəcəyi bəlli deyil.