Türkiyə müxalifəti: Türkiyədə 2 milyon insan koronavirus səbəbilə işsiz qalıb

Corona virus Istanbul Tram

Türkiyənən əsas müxalifət partiyası cümə günü bildirib ki, ölkədə iki milyondan çox işçi koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər səbəbilə işlərini itirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti pərakəndə satıcılara, restoranlara və digər müəssisələrə qapanmağı əmr edib, lakin ölkədə hələ ki, tam blokada tətbiq olunmayıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu sakinlərin hərəkətinə daha geniş məhdudiyyətlərin qoyulması çağırışını təkrarlayıb. Hazırda yalnız 65 yaşdan yuxarı olan insanlar evdən bayıra çıxa bilmirlər.

“Onlar (hökumət) insanları evində saxlamaq üçün bir kampaniya başlatmalı idilər. Bu indiki kampaniya yalnız bir şeyə səbəb olub: işsizliyə," deyə partiya sədri bildirib. Kılıçdaroğlu Fox TV-yə verdiyi müsahibədə epidemiya zamanı iki milyondan çox insanın işini itirdiyini deyib.

Koronavirus səbəbi ilə Türkiyədə 350-dən çox insan ölüb, 18.000-nə qədər insan isə sözügedən virusa yoluxub. Bunların 60% -i İstanbuldadır.

Ərdoğan xəstəliyin pisləşəcəyi və ya vətəndaşların ölkə boyu tələb olunan "könüllü karantinə" riayət etmədiyi təqdirdə sərt məhdudiyyətlərin tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Bir Türkiyə rəsmisi Reuters-ə bildirib ki, rəsmi Ankara yeni karantin qaydaları tətbiq etməyə hazırlaşır. Bununla 60 və yuxarı yaşda olanlar ilə 18 yaşdan kiçiklərə də evdən çıxmaq qadağası qüvvəyə minə bilər.

"Təkərlər iqtisadiyyatın zədələnməməsi üçün dönməlidir, lakin bəzi məhdudiyyətlərin qoyulması qaçılmazdır," deyə sözügedən səlahiyyətli şəxs qeyd edib.

O həmçinin, İstanbul üçün yeni tədbirlərin nəzərdən keçirildiyini də əlavə edib. Lakin o, xəstəliyin hazırkı yayılma sürətinin bu ay "xeyli problemli" vəziyyətə səbəb ola biləcəyini də etiraf edib.

Müxalif İyi Partiyasının sədri Meral Akşenervdə daha çox məhdudiyyətlərin tətbiqinə çağırıb. O, cümə günü onlayn yayımlanan müsahibəsində hökumətin "evdə qalmaq" qaydasından onun iqtisadi təsirləri səbəbilə "qaçdığını" deyib.

CHP-dən Kılıçdaroğlu təxminən 400.000 müəssisənin bağlandığını və gündəmuzd işçilərin mövcud koronavirus tədbirləri səbəbilə işsiz qaldığını deyib.

“Orada işləyən və hazırda işsiz olanların sayı 2 milyonu keçib. Onlar qısa müddətə işsizlik maaşını işsizlik fondundan alacaqlar, ancaq bundan sonrasına heç bir zəmanət yoxdur, "deyə Kılıçdaroğlu məsələyə münasibət bildirib.

Epidemiyanın Türkiyənin işçi qüvvəsinə təsirini və mart ayındakı işsizlik səviyyəsini göstərən ilk rəsmi məlumatlar may ayında dərc olunacaq.

Rəsmi Ankara həmçinin 100 milyard lirəlik (15 milyard dollar) iqtisadi dəstək paketini açıqlayıb və ehtiyacı olanlar üçün vəsait toplamaq üçün yardım kampaniyasına başlayıb. Həmin yardım kampaniyası çərçivəsində bu günə qədər 847 milyon lirənin toplandığını deyilir.

“Hökuməti günəmuzd işçilər üçün tədbir görməyə çağırdıq. Heç bir tədbir görülmədi," deyən Kılıçdaroğlu hökumətin yardım kampaniyalarına başlamaq əvəzinə özünün tədbir görməli olduğunu əlavə edib.