Türkiyə miqrantlar üçün Avropa İttifaqı ilə sərhədləri açır

Qaçqınlar artıq Türkiyə vasitəsilə Avropaya çıxış əldə edə bilər. Türkiyə iki Avropa İttifaqı ölkəsi olan Yunanıstan və Bolqarıstanla sərhədləri bölüşür.

Türkiyənin təhlükəsizlik qüvvələrinə 2016-cı ildə Avropa İttifaqı ilə edilən razılaşmanıb müvəqqəti pozulması olaraq Avropaya köçün qarşısını almamaq tapşırığı verilib.

Qərar cümə axşamı Suriyanın şimalındakı İdlib bölgəsində 33 türk əsgərinin Suriya hökumət qüvvələri tərəfindən öldürülməsindən sonra verilib.

Dekabr ayından bəri təxminən 1 milyon suriyalı qaçqın didərgin düşüb və Türkiyə sərhədinin yaxınlığında toplaşıb. Türkiyədə artıq 4 milyona yaxın suriyalı qaçqın yaşayır.

Cümə günü səhər tezdən 300-ə yaxın qaçqın Türkiyənin Yunanıstan sərhədindəki Edirne vilayətinə yola çıxıb.

Mediada yayılan məlumatlara görə, səfər edən suriyalılarla yanaşı, iranlılar, iraqlılar, pakistanlılar və mərakeşlilər də bu qrupa qoşulub.

Qaçqınlar eyni zamanda qayıqla Yunanıstanın Lesbos adasına keçmək ümidilə Ayvacıka doğru yola çıxıb.