Qarların əriməsi ilə Türkiyə-İran sərhədini qışda keçməyə cəhd göstərən 25 nəfər qaçqının cəsədi aşkarlanıb.
Türkiyənin "Hürriyet" qəzeti aşkarlanan cəsədlərdən 24-nün donaraq, birinin isə güllələnərək öldüyü haqda həmin ölkənin Van rayonu şöbəsi miqrasiya və sığınacaq komissiyasının hesabatına istinadən xəbər yayıb.
Cəsədlər aylar boyu qar altında qalır - cəsədlərin fiziki bütövlüyü saxlansa da, vəhşi heyvanların cəsədləri parçalaması üzündən bəzi cənazələrin kimliyi müəyyən edilə bilməyib.
Hesabata görə, aşkarlanan 25 cəsədin hamısı kişilərdir. Qeyri-qanuni şəkildə sərhədi keçməyə çalışan şəxslərdən yalnız dördünün kimliyi müəyyən edilib. Şəxsiyyəti məlum olan həmin cəsədlər vətənlərinə göndərilib.
Cənazələr İran sərhədinin 100 metr - 1 kilometr məsafəsində aşkarlanıb.
Hesabatda vurğulanır ki, cəsədlərin tapıldığı bölgə ağır iqlim və coğrafi şəraiti ilə seçilir.
“Cəsədlər aylar boyu qar altında qalır - cəsədlərin fiziki bütövlüyü saxlansa da, vəhşi heyvanların cəsədləri parçalaması üzündən bəzi cəsədlərin kimliyi müəyyən edilə bilməyib," hesabatda qeyd olunur.
Qaçqın cəsədlərindən bir neçəsi İran hüdudları daxilində aşkarlanıb. Nazik paltarlar geymiş qaçqınların yaşlarının 16-30 arasında olduğu təxmin edilir.
Kimliyi müəyyən edilməmiş cəsədlər Van rayonunun kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Hər il bu bölgədə oxşar mühacir ölümləri baş verir.
Türkiyənin Daxil İşlər Nazirliyinə bağlı immiqrasiya idarəsinin yaydığı məlumata görə, qanunsuz şəkildə sərhədi keçib Türkiyəyə daxil olan qaçqınların çoxu Əfqanistan, Pakistan, Suriya və İraqdandır.