Türkiyə hökuməti alkoqol satışına qadağa tətbiq etdiyinə görə tənqidlərlə üzləşir

Tükiyə hökuməti elan etdiyi üç həftəlik COVID-19 məhdudiyyətinə spirtli içkilərin satışına qadağanı da daxil etdikdən sonra ölkədə siyasi gərginlik yaşanıb. Belə ki, müxalifət nümayəndələri hökuməti pandemiyadan istifadə edərək dini gündəm yaratmaqda günahlandırır.

Alkoqol qadağası cümə axşamı günü qüvvəyə minən və mayın 17-ə qədər davam edəcək ümumilli qapanmaların bir hissəsidir.

Duvar xəbər agentliyinin köşə yazarı Mehves Evin bildirir ki, qadağa gərginliyi artırır və Prezident Rəcəb Tayyib Ərdoğanın islamçı kökləri ilə bağlı şübhələr yaradır. Tənqidçilər Ərdoğanı 90 illik dünyəvi ölkəyə xələl gətirməyə çalışmaqda itiham edir.

"Ərdoğan hökuməti sanki kiçik addımlarla insanların həyatlarına müdaxilə edir, o bunun insanlar üçün daha doğru olduğunu düşünür. Buna misal olaraq İmam Hatip dini məktəblərin inşasını göstərmək olar. Zamanla daha çox tələbəni bu məktəblərə getməyə təşviq etmələri əslində sosial mühəndislikdir. Və alkoqol qadağası da əslində eyni şeydir" deyə Evin bildirir.

Hökumət isə bu ittihamları rədd edir. Lakin qadağalar Ramazan ayı ilə üst-üstə düşdüyü üçün bu cür təkziblər mübahisələrə son qoymayıb.

Türkiyənin ticarət birliyinin rəhbəri Bendeki Palandöken Avropaya inteqrasiya etmiş və bir çox xarici müştərisi olan, inkişaf etmiş eləcə də demokratik qanunlar ölkəsində alkoqol qadağasının tətbiq olunmasının mümkün olub-olmadığını sual edərək qərarın ləğv edilməsinə çağırış edib.

Qadağa ilə bağlı həmçinin Türkiyənin yüksək instansiyalı məhkəmələrində də iddialar qaldırılıb. Ancaq hökumət Cənubi Afrika kimi digər ölkələrin də oxşar məhdudiyyətlər tətbiq etdiyini qeyd edərək qadağanı qəti şəkildə müdafiə edir.

Daxili İşlər naziri Süleyman Soylu cümə axşamı heç bir istisnanın olmayacağını və hökumətin qadağanı geri çəkməyəcəyini bildirib. O əlavə edib ki, hər kəs kimi alkoqol dükanları da bu fədakarlığa dözəcəklər.

Lakin bir çox mağazalar alkoqol satmağa davam etməklə və bunun fotolarını sosial mediada yerləşdirərək qərara etiraz edirlər. "Alkoqoluma toxunmayın" haştaqı isə bu həftə Türkiyədə sosial media istifadəçiləri arasında trend olub.