Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-Türkiyə münasibətlərinin "sıfırlanmasına" çağırıb. Ankaranın Moskva ilə münasibətlərini dərinləşdirməsi və Rusiyadan raket sistemi alması səbəbindən NATO-nun bu iki müttəfiqi arasındakı gərginlik daha da artıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları ilə yeni və hər iki tərəf üçün daha sərfəli münasibətlərə çağırıb. Avropa Xarici Əlaqələr Şurasından Əsli Aydıntaşbaş “Vaşinqtonla münasibət Türkiyənin daxili siyasətində həmişə böyük bir legitimlik mənbəyi olub. Türkiyə liderlərinin və hətta müxalifətin belə daim Vaşinqtonla sıx əlaqələri ilə fəxr etməsini anlamaq xaricilər və ya amerikalılar üçün çətindir.”
Lakin Bayden administrasiyasının son zamanlarda Türkiyədə universitet etirazlarına qarşı təqibləri tənqid etməsi ABŞ-ın Türkiyəyə insan haqları məsələsində daha sərt mövqe sərgiləyəcəyini göstərir.
Bundan əlavə, Prezident Bayden noyabr seçkilərindəki qələbəsindən bəri hələ də türkiyəli həmkarına zəng etməyib. Təhlilçilərin fikrincə bu, Vaşinqtonun gözündə Türkiyənin rolunun azalmasına işarədir. “Onların Türkiyəyə qarşı əli dörd-beş il əvvəlkindən daha güclüdür. Türkiyənin ABŞ-ın Yaxın Şərqdə və dünyada daha güclü rol oynamaq planları müqabilində Birləşmiş Ştatlara təklif edəcək heç nəyi yoxdur" - deyə, Kadir Has Universitetindən Serhat Güvənc bildirir.
Ərdoğan tərəfdarları bu fikirlərlə razılaşmasalar da, Vaşinqton Ankaranın Rusiyanın S-400 raket sistemini satın almasının NATO-nun müdafiə sistemlərini təhlükə qarşısında qoyduğunu və Türkiyənin qərb müttəfiqləri ilə münasibətini şübhə altına aldığını deyir. Yeditəpə Universitetindən Məsut Casin “Türkiyə və ABŞ arasında münasibətlər raket məsələsindən daha dərindir. İnanıram ki, Türkiyənin Amerikaya, Amerikanın da Türkiyəyə ehtiyacı var. Bu məsələdə ən vacib şey mövcud inamsızlığı aradan qaldırmaq və iki tərəf arasında inamı bərpa etməkdir” deyir.
Ankara S-400 raketlərini bir anbarda saxlamağı təklif etsə də, Vaşinqton hələ ki, bu fikri rədd edir. Lakin təhlilçilərin fikrincə Ankara Moskva ilə də diqqətli davranmalıdır. “Türkiyə sərhədləri xaricində fərqli münaqişələrdə iştirak edir və hər birində Rusiya ilə bərabər işləmək məcburiyyətində qalır. Amma onlar həmin münaqişələrdə bir-birilərinə əks mövqedədirlər. Mən Liviya, Azərbaycan və əlbətdə ki, Suriyanı nəzərdə tuturam.”
Suriyalı qaçqınların Türkiyəyə yeni köçünün qarşısının alınması Ankara tərəfindən Türkiyə-Rusiya iş birliyində əsas hədəf olaraq görülür.
Suriyadan qayıdan Rusiya hərbi gəmilərinin evə dönərkən mütəmadi olaraq İstanbuldan keçməsi Ankaranın Vaşinqtonla münasibətlərini yenidən bərpa etmək istəyini daha da çətinləşdirir.