Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edib. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də videokonfrans formatında görüşə qatılıb.
Görüşdə müzakirə olunan məslələr sırasında türkdilli dövlətlər arasında sərhəd-keçid və gömrük qaydalarının sadələşdirilməsi, dövlətlər arasında ortaq qaydaların işlənib hazırlanması məsələsi diqqət mərkəzində olub.
Görüşün açlışında Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.
Türk Dünyası Şurasına son iki ildə Azərbaycan sədrlik edib.
Azərbaycan Prezident İlham Əliyev bildirib ki, Türk dövlətlərini birləşdirən ortaq dil, ortaq din, ortaq mənfəətlər və ortaq dəyərlər var.
“Qarşımızda çox böyük ümidverici bir gələcək var. Çünki bu təşkilatın təməlində, qəlbində zatən tarixdən, ənənədən, ortaq din və dildən gələn təbii müttəfiqlərdən söhbət gedir. Bunlarla bərabər, yeni təhdidlər və çətinliklər demək olar ki, hər ay qarşımıza çıxmaqdadır. Təəssüf ki, dünyada lider dövlətlər bu çətinliklərlə mübarizə üçün müvafiq tədbirlər görmürlər. Əminəm ki, Türk Şurası olaraq ölkələrimiz, xalqlarımız üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çünki burada səmimi bir ortaqlıq var.”
Əliyevin fikrincə, türk dövlətləri çox önəmli bir coğrafiyaya sahibdir.
“Həm iqtisadi, həm müdafiə sahəsində əlimizdə böyük güc var. Bu da son dərəcə önəmlidir. Təbii sərvətlər, müasir infrastruktur nəqliyyatı, kommunikasiya infrastrukturu əlimizdədir. Türkiyə kimi iqtisadiyyatı və hərbi gücü olan ölkə NATO-nun ikinci böyük ordusuna sahibdir. Türkiyə önəmli vəzifəsini həm bölgədə, həm də qlobal mənada sülh və sabitlik üçün istifadə edir. Əminəm ki, Türkiyənin sədrliyi dövründə bütün hədəflərə çatmaq mümkün olacaq,” o qeyd edib.
Türkiyə prezidenti bildirib ki, Azərbaycanın 44 günlük Qarabağ müharibəsində qələbəsi bütün türk dünyasının zəfəridir.
Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün bərpası türk dünyasının birliyinin təsdiqinə çevrilib.
“Qarabağın azadlıq rəmzi - Xarı Bülbül çiçəyi bütün türk dövlətləri üçün qələbə simvoluna çevrilib. Azərbaycan təkcə torpaqlarını azad etmədi, həmçinin regionda sülhə, sabitliyə və əməkdaşlığa yol açdı,” Ərdoğan qeyd edib.
Ərdoğan təşkilata üzv ölkələr arasında ticarətin səviyyəsini qeyri-kafi adlandırıb.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi 21 milyard dollara çatır, bu da dünyanın digər ölkələri ilə ticarət dövriyyəsinin cəmi 3%-ni təşkil edir. Türk Şurası ölkələri nəqliyyat əlaqələrini, o cümlədən Transxəzər dəhlizi boyunca inkişaf etdirməlidir. Naxçıvandan (Azərbaycan) keçən marşrut da vacibdir,” o bildirib.
Türkiyə prezidenti deyib ki, Türk Şurası ölkələri "müasir dövrün bəlası"na - ksenofobiyanın və islamofobiyanın dağıdıcı nəticələrinə qarşı birgə mübarizə aparmalıdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olaraq İstanbul Bəyannaməsini imzalayıb.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Asalanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanın ərazilərini azad etməsində sonra ilk dəfə olaraq türk dövlətləri arasında fərqli bir mühit yaranıb.
Your browser doesn’t support HTML5
“Yəni türk dövlətlərinin Türkiyənin də dəstəyi ilə öz maraqlarına uyğun nəticə əldə edə biləcəyi inam güclənib. Bu imkan verir ki, türk dövlətləri arasında inteqrasiya dərinləşsin və türk dövlətləri ortaq təhlükələrə qarşı birlikdə hərəkət etmək, ortaq hədəflər uğrunda birgə layihələri daha dərindən reallaşdırmaq anlayşına malik olsunlar. Bu baxımdan türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları tarixdə indiyədək olanlardan daha genişdir.”
Ekspertin fikrincə, hələ 1991-ci ildən başlayaraq türk dövlətlərinin əlaqələri əməkdaşlıq, inkişaf və rifah yaratmaq istiqamətində olub.
“Bu çox önəmlidir. Yəni türk dövlətləri iqtisadi, siyasi, mədəni əlaqələrdə müsbət dəyərlər yaradıb. Türk dövlətləri hansısa dövlətin marağına, beynəlxalq hüquqa zidd bir prosesə qoşulmayıb. Bu baxımdan, Əfqanıstan böhranı da daxil olmaqla, regionda qeyri-sabitlik, beynəlxalq hüquqa zidd proseslər ortaya çıxanda türk dövlətləri risklərin, təhlükələrin ortadan qaldılmasına töhfə verə bilər və buna töhfə vermək üçün imkanlara malikdirlər. Türk dövlətləri əslində həm öz daxillərində baş verəcək təhlükələrə qarşı əməkdaşlığı daha da dərinləşdirməlidirlər. Bu zərurət var. Eyni zamanda, qonşularındakı təhlükələrə, qeyri-sabitlik risklərinə qarşı birgə addımlar atmalıdırlar. Mühüm amillıərdən biri də Türkiyə kifayət qədər inkişaf etmiş NATO dövlətidir və Avropaya kifayət qədər inteqrasiya edib. Azərbaycan Qafaqazda mühüm mövqeyə malik, balanslaşdırılmış siyasət yürüdən dövlətdir. Mərkəzi Asiya dövlətləri isə Rusiya və Çinin daxil olduğu platformalarda təmsil olunur. Burada bir müxtəliflik var. Bu isə Mərkəzi Asiya, Qafqaz regionunda həmçinin Türkiyənin ətrafındakı regionda sülhə və iqtisadi əməkdaşlığa töhfə vermək imkanlarını artırır,” Aslanlı qeyd edib.
Onun fikirncə, regionda böyük güclərin və böyük şrkətlərin bazarlar uğrunda mübarizədə maraqları toqquşur.
“Amma türk dövlətləri indiyədək bazarlar uğrunda deyil, əməkdaşlıqda maraqlı olublar. Təbii ki, bu idealist siyasət həmişə reallığı əks etdirmir. Amma Azərbaycan hər zaman vurğulayılb ki, maraqların toqquşduğu yox, ötüşdüyü bir məkan olmaq istəyir. Buna baxmayaraq rəqabət riski həmişə qalır,”o qeyd edib.
Ekspert deyir ki, Ərdoğanın vurğuladığı türk dövlətləri arasında ticarət əlaqələrinin zəif olması bəlkə də əməkdaşlığın ən zəif nöqtəsidir.
“Bu, ticarəti təşviq edən ritorika olsa da gömrük tarifləri və iqtisadi siyasət arzu olunan səviyyədə deyil. Ritorika var. Hər dəfə görüşlərdə ikitərəfli və çoxtərəfli ticarətin artırılması ilə bağlı xoş açıqlamalar verirlər. Amma bu xoş açıqlamaların reallaşması üçün gömrük tarifləri, qarşılıqlı sərmayənin təşviqi ilə bağlı xüsusi siyasət, qarşılıqlı ticarəti təşviq edəcək orta iqtisadi brendin yaradılması üçün qanunvericiliyin təkmilləşdirilməsi və real addımlar atılmalıdır,“ Araz Aslanlı qeyd edib.