Təbriz Universitetinin dil və ədəbiyyat bölümündə təhsil alan tələbələrin ilk qrupu bu günlər məzun olub. Dil və ədəbiyyat bölümü 2016-ci ildə yaradılıb. İlk məzunların təhsili bitirməsi müsbət addım kimi qarşılanaraq, tarixi bir gün kimi qiymətləndirilib. Güneyli qadın hüquqları fəalı, hüquqşünas Türkan Urmulu Amerikanın Səsinə müsahibəsində dil və ədəbiyyat bölümünün yaradılması və ilk məzunların təhsilini bitirməsinin əhəmiyyəti, İran Azərbaycanında ana dilində təhsil hüququnun təmin edilməsi istiqamətində səylərdən danışıb.
Bu, milli fəalların, illərdir ana dili haqqı sahəsində çalışanların hakimiyyətə olan basqıları və təzyiqləri nəticəsində gerçəkləşib
Türkan Urmulunun bildirdiyinə görə, İran Azərbaycanında ana dilində təhsil məsələsində irəliliyəşin olmamasına baxmayaraq, Təbriz Universitetində Azərbaycan türkcəsində bölümün açılması milli fəalların davamlı təzyiqlərinin nəticəsi kimi qiymətləndirilməli və müsbət hal kimi qarşılanmalıdır.
“Bu, milli fəalların, illərdir ana dili haqqı sahəsində çalışanların hakimiyyətə olan basqıları və təzyiqləri nəticəsində gerçəkləşib və indi bu hər il bir qrup təhsil alan və ana dilini çox yaxşı səviyyədə bilən lisans diplomalı mütəxəssis toplumda olacaq və bu, çox yaxşı bir haldır və uzun sürəli proqramlarda təsirini əminəm ki, görəcəyik.”
SEE ALSO: Təbriz Universitetinin türk dili bölümü ilk məzunlarını yola salıbTürkan Urmulu qeyd edib ki, ana dilində təhsil milli fəalların əsas tələblərindən biri olaraq qalır. Onun sözlərinə görə, ölkənin təkcə bir şəhərində - Təbrizdə Azərbaycan türkcəsində dil bölümünün açılması nə qədər müsbət hal olsa da “ana dilində təhsil deyil”. Lakin o, dil bölümünün fəaliyyət göstərməsinin gələcəkdə ana dilində təhsil imkanlarının əldə edilməsinə müsbət təsir göstərə biləcəyini deyib.
“Bizim indi mütəxəssislərimiz hazırlanırlar. Hər il olacaq bu iş. Bu il, gələn il, o biri il. Və hər il bəlli bir sayda Azərbaycan türkcəsini yaxşı bilən qruplar ortaya çıxacaqlar, hazırlanacaqlar. Və gələcəkdə əgər bir gün biz bu haqqımızı əldə edə bilsək və hakimiyyət tərəfindən bu, rəsmiləşsə, gerçəkləşsə, bizim bildiyimiz hər kənddə, hər məhəllədə, bütün şəhərlərdə, mədrəsələrdə bizim bu güclərə ehtiyacımız olacaq.”