Kreml Twitter-in Rusiya dövlətinə bağlı iki media qurumu RT və Sputnikin hesablarından yayılan reklamlara qadağan qoymasını tənqid edib.
Moskva bu qərarın arxasında “dərin qərəzin” durduğunu deyib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, "Twitter"-in bizim mediamıza qarşı qərəz kampaniyasına qoşulması təəssüf doğurur”.
Peskov habelə qeyd edib ki, sosial media platformasının bu hərəkəti həm də onun öz müştərilərinə fərqli münasibətin presedentini yaradır.
Twitter-in bizim mediamıza qarşı qərəz kampaniyasına qoşulması təəssüf doğurur
Onun fikrincə, belə addımlar Twitter-in başqa abunəçiləri arasında narahatlıq və qorxu yarada bilər.
Twitter Rusiyanın sponsoru olduğu Sputnik və RT xəbər agentliklərinin platformasında bütün reklamlarını yasaqladığını bəyan edib.
Şirkətin bəyanatında deyilir ki, bu, istifadəçilərinin toxunulmazlığının müdafiəsində atılan addımın bir hissəsidir.
Twitter yanvar ayında Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə dair Amerikanın kəşfiyyat orqanlarının hesabatına əsasən bu ölçüyə əl atıb.
“Cari ilin əvvəlində Amerikanın kəşfiyyat orqanları RT və Sputnik-in seçkilərə müdaxiləsində rol oynadığını bəyan edib. Biz bu halı platformamızda görmək istəmirik” , şirkətin bəyanatında deyilib.
Twitter ötən ay bildirmişdi ki, ABŞ seçkisinə təbliğatla müdaxilə edilməsi iddialarına dair aparılan təhqiqat çərçivəsində Rusiyaya bağlı 200 hesabı bağlayıb.
Facebook və Google bu yaxınlarda bəyan etmişdi ki, Rusiya əməliyyatçıları olduğu düşünülən şəxslər reklam platformaları alaraq bölücü siyasi məzmunlu postlar yayıb.
RT öz saytında dərc etdiyi bəyanatda bildirir ki, şirkət internetdə heç bir qanunsuz əməllə məşğul olmayıb və ABŞ seçkisinə müdaxilə məqsədilə Twitter də daxil olmaqla, heç bir platformadan istifadə etməyib.
Twitter bildirib ki, bu iki təşkilat plattformada istifadəçi kimi qala bilər, lakin heç bir reklamı satın ala bilməz.
Şirkət 2011-ci ildən bəri Rusiyanın xəbər agentliklərinin reklamlarından əldə etdiyi 2 milyon dollarlıq gəlirin Twitter-dən istifadə araşdırmalarına sərf edəcəyini deyib.