Turqut Ər: Elçibəyin devrilməsinin qarşısını almamaq Türkiyənin böyük səhvi idi [Audio]

  • Əsgər Möhsümoğlu

Turqut Ər

Amerikanın Səsinə müsahibədə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı və “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər hesab etdiyini bildirib ki, Əbülfəz Elçibəyin zəhərlənməsinə dair Azərbaycanda dolaşan ittihamlar və bu ittihamlar əsasında qaldırılmış cinayət işi quramadır. Azərbaycandakı mövcud hökumətin ölkəni Stalinist metodlarla idarə etdiyini deyən sabiq Türkiyə diplomatı başlıca məqsədin AXCP lideri Əli Kərimlini siyasətdən uzaqlaşdırmaq olduğunu deyib.

Türk ictimaiyyəti Azərbaycanın da Türkiyə kimi demokratik olmasını çox istəyir. Amma Türkiyədəki iqtidar nədənsə bunda maraqlı deyil. Bu, da Türkiyənin səhvidir. Açıq söyləyirəm. Yanlışdır. Amma mənə elə gəlir ki, bu səhv qısa zamanda düzələcəkdir.

Cənab Ər əlavə edib ki, xərçəng xəstəliyinə tutulmuş Əbülfəz Elçibəyə diaqnozu vaxtında açıqlamamaqla və sonradan onun xaricə getməsinə imkan verməməklə milli azadlıq hərəkatının liderinin erkən ölümünə məhz hakimiyyət bais olub.

Elçibəyin Azərbaycan tarixindəki irsini dəyərləndirən Turqut Ər Amerikanın Səsinə müsahibədə onun müstəqil dövlətə xas atributlar ərsəyə gətirdiyini, milli pul vahidi yaratdığını və ən mühümü, rus qoşunlarını Azərbaycandan çıxardığını qeyd edib. Elçibəyi Heydər Əliyevlə müqayisə edən Turqut Ər sonuncunun Sovet dönəmində Kremlin canişini olduğu vaxt Vladimir Lenin və Stepan Şaumyan kimi bolşevik liderlərə Azərbaycanda heykəl qoydurduğunu, onlara mədhiyyələr yazdığını söyləyib.

Türkiyənin 1993-cü ildə Əbülfəz Elçibəyin devrilməsinin qarşısını almadığını böyük səhv adlandıran Turqut Ər bunu “böyük səhv, hətta xəyanət” adlandırıb. Onun sözlərinə görə Elçibəy hakimiyyətdə qalsaydı, indi Azərbaycan demokratik bir dövlət şəklində mövcudluğunu davam etdirərdi. O, Türkiyə rəhbərliyinin Azərbaycanla bağlı hazırkı siyasətini yanlış adlandıraraq, yaxın gələcəkdə onun dəyişəcəyinə ümidini ifadə edib. Onun sözlərinə görə türk xalqı Azərbaycanı Türkiyə kimi demokratik ölkə görmək istərdi.

Your browser doesn’t support HTML5

Turqut Ər Amerikanın Səsinə danışır