Türkiyə təyyarəsi bomba məlumatı ilə əlaqədar eniş edib

təyyarə

İstanbuldan Kişinyova uçan təyyarədə azərbaycanlı jurnalistlər də var
Türk Hava Yolları aviaşirkətinin İstanbul-Kişinyov reysi ilə uçan təyyarəsi bu gün səhər uçuş zolağına qalxaraq uçmağa hazırlaşdıqdan sonra təxirə salınıb. Buna təyyarənin bortunda bombanın olması barədə informasiya səbəb olub. Məlumatı Türkiyənin İhlas agentliyi yayıb.

Agentliyin məlumatına görə, təyyarənin bortunda axtarış davam edir, bir nəfər saxlanılıb.

Qeyd edək ki, bu reyslə Azərbaycan nümayəndə heyəti Kişinyova KİV məsələləri üzrə konfransa gedirmiş. Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Aİ və AŞ-nin media üzrə birgə regional layihəsinin koordinatoru Şahin Abbasov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov və Media Hüququ İnstitutunun meneceri Xalid Ağəliyev daxildir.
“Biz İstanbul vaxtı ilə saat 7.45-də uçmalı idik. Təyyarə artıq uçuş zolağına çıxmışdı ki, bizi geri qaytarıb təyyarədən düşürdülər. Dedilər ki, təyyarənin bortunda partlayıcı maddənin olması haqda məlumat daxil olub. Hazırda baqaja baxış keçirilir”, - RATİ-nin direktoru E.Hüseynov telefonla bildirib.

O deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri ilə bağlı hər şey qaydasındadır və Kişinyova uçuşu gözləyirlər. Lakin uçuşun nə zaman olacağı məlum deyil.