Zəlzələdə həlak olanların sayı 25 mini ötüb, dağıntılar altından isə sağ qalanlar çıxarılmağa davam edir

Xilasedicilər Kahramanmaraşda zəlzələdən beş gün sonra çökən binanın dağıntıları altından Kamil Can Ağdaşı çıxarıb. 11 fevral 2023.

Türkiyə və Suriyada 7.8 və 7.5 bal gücündə baş verən zəlzələlərdən sonra sağ qalanları xilas etmək ehtimallarının getdikcə azalmasına baxmayaraq, xilasedicilər şənbə günü dağılan binaların altında bir ailə daxil olmaqla bir neçə nəfəri sağ çıxarıblar.

Türkiyə televiziyasında Kahranmaraşın mərkəzində zəlzələdən 133 sar sonra Narlı ailəsinin xiales edildiyi anlar göstərilib. İlk öncə 12 yaşlı nehir Naz Narlı xilas edilib, ardından isə hər iki valideyni dağıntılar arasından çıxarılıb.

Bundan öncə isə həmin gün Qaziantep vilayətinin Nurdağı şəhərində dağıntılar altından beş nəfərlik bir ailə xilas edilib.

Rəsmilər deyir ki, Türkiyə ilə Suriya arasındakı sərhəd bölgədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıq 25 mini keçib.

Türkiyə səhiyyə naziri Fahrettin Koca episentri Kahramanmaraş olan və 10 şəhərdə dağıntılara səbəb olan 7.8 və 7.7 baş gücündə zəlzələdə ölənlər və yaralananlarla bağlı son məlumatları paylaşıb. Onun açıqlamasına görə, zəlzələdə həyatını itirən insanların sayı 22 327-ə çatıb. Yaralananların sayı isə 80 278 nəfərə yüksəlib.

Şənbə günü dağıntılar altından onlarla insan çıxarılıb. Zəlzələdən 132 saat sonra Elbistanda 20 yaşlarında olan Melisa Ülkü xilas edilib. Ondan öncə isə eyni saatda həmin ərazidə başqa bir nəfər də dağıntılar altından sağ çıxarılıb. Polis yaxınlıqdakı xialsetmə işlərinə mane olmamaq üçün insanlara əl çalmamaq və sevinclə qışqırmamaq barədə xəbərdarlıq edib. Ülkü xərəyə yerləşdirilib, üzərinə isə termal ədyal örtülüb.

Bundan bir saat öncə isə Qaziantep vilayətinin İslahiye şəhərində dağıntılar arasında 3 yaşlı bir qız ilə atası, Hatayda isə yeddi yaşlı bir qız sağ çıxarılıb.

Ancaq xilasetmə səyləri hər zaman müsbət nəticələnmir. Belə ki, xilasedicilər şənbə günü Hatayda dağılan binanın altında 13 yaşlı bir qızı taparaq, onu intubasiya edib. Ancaq tibbi komanda onu çıxarmaq üçün ayağını amputasiya edə bilmədən, qız həyatını itirib. Bu barədə Hürriyet qəzeti məlumat verib.

Eskperlərin dağıntılar altında qalan insanların bir həftə və ya daha çox müddət həyatda qala biləcəklərini demələrinə baxmayaraq, şaxtalı hava şəraiti sağ qalan insanları tapmaq ehtimallarını azaldır. Xilasedicilər dağıntılar altında həyatda olan insanları tapmaq üçün artıq termal kameralardan istifadə edir ki, bu da sağ qalan insanların kömək çağırmaq üçün çox zəif ola biləcəklərinə işarə edir.

Təxliyə

Bu arada isə zəlzələnin zərər vurduğu bölgədəki vətəndaşların başqa şəhərlərə təxiyəsi davam edir. Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) 11 fevralda etdiyi açıqlamada 102 388 nəfərin başqa vilayətlərə evakuasiya edildiyini bildirib.

AFAD daha əvvəl etdiyi açıqlamalarda da sığınacağa ehtiyacı olan zərərçəkənlərin gedəcəyi vilayətlərin digər vilayətlərin sığınma imkanları nəzərə alınaraq planlaşdırıldığını açıqlayıb, təxliyələrin zəlzənin təsirinə məruz qalan 10 vialyətdə elan edilən təxliyə məntəqələrində həyata keçirildiyini bildirib.

AFAD həmçinin şəxsi imkanları ilə bölgədən ayrılmaq istəyən vətəndaşları da getdikləri vilayətlərdə sığınacaq problemi yaşamaması üçün bu təxliyə nöqtələrinə xəbər vermələyə çağırıb.

Prezident Rəcəb Tayyip Ərdoğan zəlzələdə zərərçəkənlərin müvəqqəti sığınma mərkəzlərinə aparıldığını söyləyib. O, “hal-hazırda MEB məktəblərimizə, yataqxanalarımıza, mehmanxanalara, müəllim evlərinə 460 min vətəndaşımız sığınıb. Müvəqqəti sığınacaq mərkəzlərində 1 milyon 100 min insan var” deyib.

Ali məktəblərdə təhsil onlayn olacaq

Ərdoğan həmçinin ali təhsil müəssisələrinin yataqxanalarının zəlzələdən zərər çəkənlərə ayrılması səbəbilə universitetlərdə əyani tədrisin dayandırıldığını açıqlayıb.

Prezident Ərdoğan zəlzələdən zərər çəkən 10 şəhərdən biri olan Diyarbakırda etdiyi açıqlamada təhsilin onlayn aparılacağını bildirib.

Ərdoğan açıqlamasında deyib ki, “Yay mövsümünə qədər universitetlərdə tətil elan edirik. Onlar yollarına tamamilə uzaqdan davam edəcəklər. Universitetlərimizdə tətil edərək, Kredi Yurtlar Kurumunun yataqxanalarından qonaq evi kimi istifadə edəcəyik. İki gün öncə Osmaniyədə idim. Osmaniyədəki 2200 nəfərlik yataqxana binası tərtəmizdir və o yataqxanada vətəndaşlarımızın sevincinə şahid oldum. Buradakı yataqxanalara da insanları almağa başlayıb, çadırlardakıları bura köçürəcəyik.”

Türkiyə Kahramanmaraşda zəlzələnin dağıtdığı əraziləri ziyarət edib. 8 fevral, 2023.

Ərdoğan zəlzələ bölgəsindən başqa şəhərlərə getmək istəyən zərər çəkən vətəndaşların hotellər, yataqxanalar və qonaq evlərində qalmalarının təmin edildiyini vurğulayıb.

Ərdöğan ölkə boyu yeddi günlük matəm və zəlzələnin təsirinə məruz qalan vilayətlərdə üç aylıq fövqəladə vəziyyət elan edib.

Həm Ərdoğan, həm də Suriya Prezidenti Bəşər Əsəd hökumətlərinin zəlzələ ilə əlaqədar cavab tədbirlərinin sürəti sual edilib.

Əsəd və həyat yoldaşı cümə günü ilk dəfə hökumətin nəzarət etdiyi Hələbdə bir xəstəxanada zərərçəkənlərə baş çəkib.

Suriya televiziyası onun zəlzələ ilə bağlı fövqəladə iclaslara sədrlik etdiyi görüntüləri paylaşıb, ancaq o, fəlakətlə bağlı nə xalqa müraciət edib, nə də mətbuat konfransı keçirib.