Türkiyə Qutada yaralananları müalicə üçün ölkəyə gətirmək istəyir

Türkiyə Dəməşq ətrafında mühasirədə olan Quta şəhərindən təxminən 500 insanın təxliyyə edilməsi üçün Rusiya ilə birgə iş aparır. Bunu bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Orada təcili humanitar yardıma ehtiyacı olan 170 uşaq və qadın da daxil olmaqla təxminən 500 insan var”, Ərdoğan Sudana rəsmi səfərə yola düşməzdən əvvəl bildirib.

Şərqi Qutanın mühasirədə olması nəticəsində şəhərdə yaranmış aclıqdan əziyyət çəkən suriyalı uşaq

O, məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdiyini bildirib. Ankara müalicə almaq üçün yardıma ehtiyacı olan insanların Türkiyəyə gətirilməsinə çalışır.

Orada təcili humanitar yardıma ehtiyacı olan 170 uşaq və qadın da daxil olmaqla təxminən 500 insan var.
Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın bildirdiyinə görə, Türkiyə və Rusiyanın hərbi qüvvələrinin rəhbərləri Türkiyənin yardım agentliklərinin fəaliyyətinə imkan verilməsi məqsədilə əməliyyatların keçirilməsi üçün lazımi addımları müzakirə etməlidir.

BMT-nin Suriyada humanitar yardım məsələləri üzrə müşaviri noyabr ayında şərqi Qutada durumu humanitar təcili vəziyyət adlandırıb.