Türkiyə və Rusiya liderləri Suriyada vəziyyəti müzakirə edir

Suriya prezidenti Bəşar Əl-Əsədin taleyi ilə bağlı diplomatik müzakirələr davam etdiyi zaman Türkiyənin Baş naziri Rusiyaya səfər edir. Suriyada böhran baş nazir Rəcəb Tayyib Ərdoğanın Moskvada keçirəcəyi müzakirələrin diqqət mərkəzində olacaq.

Cənab Ərdoğan Suriyada keçmiş müttəfiqinə arxasını çevirərək, cənab Əsədin hakimiyyətdən getməsinə çağırıb. Lakin Rusiya prezidenti Vladimir Putin Suriya hökumətini BMT-nin daha ciddi sanksiyalarından qorumağa davam edir.

İstanbulda yerləşən EDAM araşdırma mərkəzində təhlilçi Sinan Ulgen deyir ki, baş nazir Erdoğan qarşıya ilk növbədə Rusiyanın mövqeyini hərtərəfli dəyərləndirmək və Moksvanın hansı şəraitdə mövqeyini dəyişə bilməsini anlamaq kimi bir məqsəd qoyub. Onun sözlərinə görə, bundan sonra o, Türkiyənin Rusiyanın Suriya ilə bağlı mövqeyinə təsir göstərə bilib-bilməyəcəyini müəyyən etməyə çalışacaq.

Türkiyənin Milliyyet qəzetində diplomatik məsələləri təhlil edən jurnalist-yazar Semih İdizin fikrincə, əsaslı dəyişikliyə ümid lox azdır, lakin səfər özü-özlüyündə əhəmiyyət daşıyır. O deyir ki, təkcə Suriya deyil, Yaxın Şərq məsələlərində Moskva ilə ikitərəfli münasibətlərin əhəmiyyəti nəzərə alındıqdan bu səfər Türkiyə-Rusiya münasibətlərinə müsbət bir impuls vermiş olacaq.

Moskva və Ankara tarixən bir-birinə rəqib münasibət bəsləyib. Lakin son 20 ildə ticarət və enerji siyasəti sahələrində əməkdaşlıq iki ölkə arasında münasibətlərin yaxınlaşmasına gətirib çıxarıb.

Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Selcuk Ünal deyir ki, Suriya məsələsində fikir ayrılığı münasibətlərə təsir göstərməyəcək.

Yazar Semih İdizin fikrincə, Rusiya və Türkiyə arasında yaxın münasibətlərin əsasında iki ölkə liderinin bir-birinə münasibəti başlıca yer tutur. O, iki lider arasında oxşar cəhətlərə toxunaraq, onların hər ikisində avtoritar tendensiyaların olduğunu qeyd edir. “Onların hər ikisi yumruğunu stola vurur. Fikrimcə, bu, onların xarakterinin göstəricisidir, iki lider arasında qarşılıqlı anlaşma var”-deyə Semih İdiz söyləyir.

Lakin o eyni zamanda Cənubi Qafqaz regionunda, Ermənistan və Azərbaycana münasibətdə iki lider arasında fikir ayrılıqlarının olduğunu da göstərir. “Türkiyə və Rusiya regionda sabitliyə nail olmaq üçün burada rol oynamalıdır. Çünki Rusiya Ermənistanı dəstəkləyir, Azərbaycan isə Türkiyəyə baxır. Buna görə də Rusiya və Türkiyə elə bir mövqedədir ki, hadisələr nəzarətdən çıxsa, tərəfləri sakitləşdirə bilərlər. Mənə elə gəlir ki, Ankara və Moskva vəziyyətin nəzarətdən çıxmaması üçün əllərindən gələni edir”-deyə Semih İdiz bildirir.

Bu həftə Rusiya prezident Əsədə qarşı sanksiyaları dəstəkləməyəcəyini açıq bəyan edərək, onun hakimiyyətdən getməsi şərti qoyulduğu müzakirələrin keçirilməsinə razı olmayacağını bildirdi. Buna görə də siyasi təhlilçiilər cənab Ərdoğanın Moskvaya səfərinin Rusiyanın Suriya hökumətinə dəstəyinin zəifləməsinə səbəb olmayacağını düşünür. Lakin göründüyü kimi tərəflər Suriya məsələsinin onlar arasında getdikcə daha da yaxınlaşmaqda olan münasibətlərə təsir göstərməsinə imkan verməmək əzmindədir.