Qərbin tam dəstəyini itirdiyini düşündüyü bir zamanda NATO Türkiyəni 28 ölkədən təşkil olunmuş aliansın dəyərli üzvü olduğunu bir daha təsdiq edib.
“Türkiyə NATO-nun birgə səylərində əhəmiyyətli əməkdaşlıq edən dəyərli müttəfiqimizdir. Türkiyə aliansın ciddi təhlükəsizlik problemləri ilə üzləşdiyi bir zamanda əhəmiyyətli qərarların verilməsində mühüm rol oynayır,” deyə NATO sözçüsü Oana Lunqesku çərşənbə günü bəyan edib.
Lunqesku bəyanatını Türkiyədəki çevriliş cəhdi və ölkənin NATO-ya üzvlüyü ilə bağlı "mediada yayılan mülahizələrə" cavab olaraq verib. “NATO Türkiyənin davam edən töhfələrinə, Türkiyə isə NATO-nun həmrəyliyinə və dəstəyinə güvənə bilər,” deyə Lunqesku bildirib.
NATO bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir gün sonra verib. Görüşdən sonra Türkiyənin Qərblə olan güclü əlaqələrinin zəifləyə biləcəyi ilə bağlı mülahizələr irəli sürülüb.
Qərbin Yaxın Şərqdə görünməmiş qeyri-sabit vəziyyətlə üzləşdiyi bir zamanda Türkiyə NATO-nun ikinci ən böyük hərbi qüvvəsi və mühim müttəfiqi sayılır.
Ərdoğan uğursuz çevriliş cəhdindən sonra ABŞ-ı və Avropa İttifaqını Türkiyəyə lazımi dəstəyi vermədiyinə görə sərt tənqid edib.