Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar hərbçilərin məhkəməsi gedir

Türkiyədə keçən il iyul ayında dövlət çevrilişinə cəhdin İstanbulda planlaşdırılmasında rolu olduğu iddia edilən 23 ordu zabitinin məhkəməsi başlayıb.

Altı general da daxil olmaqla zabitlər dövlətə qarşı cinayətlərdə və çevriliş cəhdi zamanı şəhərdə 89 adamın ölümündə ittiham olunur. Günahkar tanınsalar, onları ömürlük həbs cəzası gözləyir.

ABŞ-da yaşayan din xadimi Fətullah Gülən də məhkəmədə təqsirləndirilən şəxs qismində göstərilib. Gülən və axtarşda olan daha səkkiz nəfər qiyabi olaraq ittiham olunurlar. Türkiyə Fətullah Güləni dövlət çevrilişini təşkil etməkdə günahlandırır.

Fətullah Gülən dövlət çevrilişinə cəhddə rolunu inkar edir.

Bazar ertəsi günü başlayan məhkəmə prosesi Türkiyədə çevrilişdə rol oynamaqda ittiham olunana Gülən tərəfdarlarına qarşı keçirilən onlarla məhkəmədən biridir.

Türkiyədə dövlət çevrilişi cəhdi ilə əlaqədar 47 min adam həbs edilib, 100 mindən çox insan işindən kənarlaşdırılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin iyul ayında çevriliş cəhdindən sonra Türkiyədə elan edilən fövqəladə vəziyyətin müddətini rəsmən uzadıb.

BMT-nin insan haqları üzrə baş komissarı Türkiyədə fövqəladə vəziyyətin uzadılması və kütləvi həbsləri tənqid edib.