Türkiyə ABŞ-ın İncirlik hərbi bazasından İŞİD-ə qarşı hücumlarına icazə verib

ABŞ və Türkiyə mətbuatının verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın döyüş təyyarələrinin İncirlik hərbi hava bazasından Suriyanın daxilində İslam Dövləti qrupuna qarşı hücumlar həyata keçirməsinə razı olduğu haqda məlumat verib. Vaşinqton iki ölkə arasında yeni əməkdaşlığın detallarını hələlik açıqlamaqdan imtina edib.

Türkiyənin Hürriyet və ABŞ-ın The Wall Street JournalThe New York Times qəzetləri razılığın cənab Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında çərşənbə axşamı telefon danışığından sonra yekunlaşdırıldığı haqda xəbər verib.

Ağ Evin mətbuat katibi Coş Ernest “əməliyyatın təhlükəsizliyi ilə bağlı narahatlıqlara” görə İncirlik haqda ünvanlanmış suala birbaşa cavab verə bilməyəcəyini bildirib.

Lakin Ağ Evin açıqladığı bəyanatda bildirilib ki, iki lider iki ölkə arasında İslam Dövləti qrupuna qarşı mübarizəni gücləndirmək, İraqda təhlükəsizlik və sabitlik və Suriyada münaqişənin siyasi həlli məqsədilə səyləri artırmağa söz verib.

Ağ Evin bəyanatında İncirlikdən istifadəyə toxunulmayıb, lakin bildirilib ki, cənab Obama və cənab Ərdoğan İslam Dövləti sıralarına qoşulmaq üçün xarici döyüşçülərin axınını saxlamaq və Türkiyənin Suriya ilə sərhəddində təhlükəsizliyi təmin etmək üçün əməkdaşlığın artırılması səylərini müzakirə edib.

ABŞ hərbi qüvvələri İncirlik hərbi bazasından uzun müddətdir istifadə edir, lakin Türkiyə bazadan İslam Dövləti qrupuna qarşı hücumlarda istifadə edilməsinə imkan vermirdi.

Hərbi hava bazası İslam Dövləti qrupunun Suriyada istinadgahı olan Raqqa şəhərindən 400 kilometr məsafədə yerləşir. ABŞ hazırda Suriyaya İraq ərazisindən 1900 kilometr məsafədən bomba hücumları həyata keçirir.