Türkiyə: Gülənin ekstradisiya olunmaması əlaqələrin pisləşməsinə gətirib çıxara bilər

Türkiyə Birləşmiş Ştatlara Pensilvaniya ştatında yaşayan müsəlman din xadimi Fətullah Güləni ekstradisiya etmədiyi təqdirdə bunun iki ölkə arasında əlaqələrə böyük zərər vura biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Türkiyə hökuməti ABŞ-a təzyiq göstərərək, iyulun 15-də baş vermiş çevriliş cəhdindən bəri Gülənin ekstradisiyasını tələb edir.

Keçən həftə Güləni təmsil edən vəkillər bildirib ki, Türkiyə hökuməti onun çevriliş cəhdində əli olduğuna dair heç bir sübut təqdim etməyib və Gülən ekstradisiya olunmayacaq.

Vəkillərdən biri Reyd Veinqarten əlavə edib ki, Türkiyənin ABŞ-a səfər edərək Gülənin ekstradisiyası haqda müraciət edən üç nazirinin səylərinin Gülənə qarşı ittihamların "mürəkkəbliyi və absurdluğunu" nümayiş etdiriblər.

Rəsmi Vaşinqton ekstradisiya prosesinin başlaması üçün Türkiyənin Gülənin çevriliş cəhdində rolu olduğuna dair sübutları təqdim etməli olduğunu bildirib.

Türkyənin Ədliyyə naziri Bozdağ televiziyada müsahibəsində deyib ki, 26 minə yaxın insan çevriliş cəhdində əli olduğuna görə saxlanılıb. Onlardan çoxu ordu üzvləri, jurnalistlər və ziyalılardır. Onun bildirdiyinə görə, onlardan 16 mini həbs edilib.

Vəkil Veinqarten deyib ki, Türkiyədə kütləvi həbslər Gülən ekstradisiya olunsa, ədalətli məhkəmənin keçirilməyəcəyini göstərir.

Gülən çevriliş cəhdində əli olduğu ilə bağlı iddiaları rədd edib və çevriliş cəhdini qınayıb.