ABŞ Türkiyənin İslam Dövləti qrupunun liderinin ölümü ilə bağlı iddialarını dəstəkləmir

İslam Dövləti liderinin Suriyanın Hələb şəhərinin şimalında yaşadığı ev

Birləşmiş Ştatlar Ankara qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat zamanı İslam Dövləti terror qruplaşmasının hazırkı liderini öldürdüyünə dair iddialarını təsdiq etməkdən hələlik imtina edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü TRT tele-kanalına verdiyi müsahibəsində İslam Dövləti qrupunun lideri Əbu Əl-Hüseyn Əl-Hüseyni Əl-Quraşinin "Türkiyə milli kəşfiyyat təşkilatının [şənbə günü] Suriyada keçirdiyi əməliyyatı çərçivəsində zərərsizləşdirildiyini" deyib.

Türkiyə mediası təhlükəsizlik mənbələrinə istinadən əməliyyatın Suriyanın şimalında Türkiyənin dəstəklədiyi üsyançı qrupların nəzarətində olan ərazidəki Candaris qəsəbəsində keçirildiyini və İslam Dövləti qruplaşmasının liderinin bir müddətdir müşahidə altında olduğu məlumat verib.

Adının çəkilməməsi şərti ilə Amerikanın Səsinə danışan ABŞ rəsmisi deyib ki, Vaşinqton indiyədək İslam Dövləti qrupunun liderinin həqiqətən öldürüldüyünə işarə edəcək heç bir dəlil görməyib.

"Biz bunu təsdiq edə bilmərik. Deyiləndən başqa bizdə bu iddianı təsdiq edəcək heç bir məlumat yoxdur" - deyə, rəsmi bildirib.

İslam Dövləti qrupunun lideri Əbu Əl-Hüseyn haqqında onun ləqəbindən başqa az şey məlumdur.

Onun adı ilk dəfə keçən ilin noyabr ayında, terror qruplaşmasının Əbu Əl-Həsən Əl-Haşimi Əl-Quraşinin ölümü haqda verdiyi açıqlamada onu İŞİD-in yeni lideri elan etdiyi zaman çəkilib.

Bazar günü İŞİD liderinin öldürüldüyünün elan edilməsi Türkiyənin qruplaşmaya qarşı mübarizədə böyük qələbə qazandığını iddia etdiyi ilk hal deyil.

Keçən ilin may ayında Türkiyə təhlükəsizlik rəsmiləri İstanbulda reyd zamanı Əbu Əl-Hüseynin sələfini ələ keçirdiklərini bildirmişdi.