Blinken və Fidan Londonda İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın Bərpa Konfransında iştirak etmək məqsədilə səfərdə olduğu Londonda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Tərəflər görüşdən əvvəl verdikləri bəyanatda hər bir məsələdə razılığa gəlməsələr də, əməkdaşlığa dair mesajı veriblər.

"Dövlət katibi Antoni Blinken bu gün Londonda keçirilən Ukraynanın Yenidənqurma Konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Dövlət katibi Blinken və xarici işlər naziri Fidan bir sıra ümumi regional prioritetləri müzakirə ediblər. Dövlət katibi Blinken Türkiyənin Ukraynaya dəstəyini, o cümlədən Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı fəaliyyətini alqışlayıb. O həmçinin belə mühüm bir vaxtda NATO-da birliyin vacibliyini vurğulayıb və Türkiyəni İsveçin Alyansa daxil olmasına indidən dəstək verməyə çağırıb,"ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada bildirilir.

Blinken görüşdən öncə Hakan Fidanla danışıqlar zamanı müdafiə, enerji və iqtisadi "əməkdaşlıq" mövzularını müzakirə edəcəklərini deyib. O həmçinin qeyd edib ki, gələn ay Litvada keçiriləcək NATO sammiti və İsveçin NATO-ya qəbul prosesi də müzakirə mövzusu olacaq.

"Uzun illər həmkarım və sirdaşım olan Türkiyənin yeni xarici işlər naziri ilə görüşmək fürsəti əldə etdiyim üçün həqiqətən xoşbəxtəm. Sizinlə işləməkdən çox məmnunam. Mövlud Çavuşoğlu ilə əla münasibətim və əməkdaşlığım olub. İndi sizinlə işləməkdən məmnunam, çünki bizim uzun illərdir birlikdə işləmək imkanımız olub və ABŞ ilə Türkiyə dövrümüzün ən fundamental və həyati məsələlərində birgə çox işlər görüblər. Ona görə də biz danışacaq çox məsələmiz var" – deyə, Blinken bildirib.

"Əlbəttə, biz qarşıdan gələn NATO sammiti, müdafiə sahəsində əməkdaşlığımız, enerji və iqtisadi əməkdaşlığımız, o cümlədən İsveçin üzvlük prosesi kimi bir sıra məsələlərdə irəliləyiş əldə etmək barədə danışacağıq. Ölkələrimiz arasında əlaqələr dərin, zəngindir və qeyd etdiyim kimi, dövrümüzün ən mühüm məsələlərindən biridir" – deyə, Antoni Blinken əlavə edib.

Türkiyə ilə yanaşı, Macarıstan hələ İsveçin NATO-ya daxil olma protokollarını ratifikasiya etməyib. ABŞ və Qərb ölkələri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsini gözləyir.

Xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə və ABŞ "hər şeydə razılığa gəlməyə bilər", lakin o, uzunmüddətli müttəfiqliyin birgə işi davam etdirməyə imkan verdiyini bildirib.