Türkiyədə terror hücumu planlaşdıran İŞİD üzvləri həbs edilib

Türkiyə rəsmiləri yeni il bayramında ölkənin paytaxtında terror hücumu planlaşdırdıqları ehtimal edilən iki İŞİD üzvünü həbs edib.

Türkiyə rəsmiləri bildirib ki, şübhəlilər Ankarada ələ keçirilib. İntiharçı hücumunun Ankaranın mərkəzində yeni ili qarşılamaq üçün insanların toplaşacağı yerdə törədiləcəyi ehtimal edilir.

Türkiyə oktyabrda Ankaranın dəmir yol stansiyası qarşısında fəalların sülhməramlı nümayişi zamanı iki bomba hücumu nəticəsində 100 nəfərin həyatını itirməsindən sonra bu kimi hücumlara sayıq olmaqdadır.

Paytaxt Suriya sərəhdindən uzaqda yerləşsə də, İŞİD sərhədin Suriya tərəfində bəzi ərazilərə nəzarət edir və bir ölkədən digərinə döyüşçü və təchizat keçirə bilir.

Türkiyə hökuməti ötən aylar mümkün terror hücumlarının qarşısını almaq üçün ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu tədbirlərə terror-əleyhinə reydlər, həbslər və ABŞ-ın başçılıq etdiyi Suriyada İŞİD-a qarşı hava hücumları kampaniyasına qoşulmaq daxildir.