Türkiyənin F-16 döyüş təyyarələri hazır vəziyyətə gətirilib

Türkiyənin F-16 döyüş təyyarələri Ankaranın Suriya hökumətinin türk qüvvələrinə qarşı hava hücumlarına görə günahlandırmasından sonra hazır vəziyyətə gətirilib.

Hücum nəticəsində 3 əsgərin öldüyü, 1-nin vəziyyəti ağır olmaqla, 10 nəfərin yaralandığı bildirilir.

Qərb diplomatları Suriyanın hava qüvvələrinin hücumunu vəziyyəti kəskin şəkildə ağırlaşdıra biləcəyindən narahatdır. Belə ki, Suriya ilə Türkiyə arasında ciddi qarşıdurma yarana bilər.

Daha əvvəl hücuma görə İslam Dövləti günahlandırılmışdı. Lakin Türkiyə ordusunun bəyanatında hücumun Suriya qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib.

Suriya hökuməti baş verənlərə münasibət bildirməyib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Türkiyənin iddiaları doğru deyil və hucumu İŞİD həyata keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müdafiə naziri Fikri İşik və baş komandalığın rəisi, general Hulusi Akarla təcili telefon müzakirəsi keçirib.

Hulusi Akar hücumun cavabsız qalmayacağına və Türkiyə ordusunun Suriyanın şimal bölgəsini terrorçulardan təmizləyəcəyinə and içib.