Türkiyə Hərbi Hava Qüvvələri dövlətin mühüm müdafiə şirkətinə 5 nəfərin ölümü və 20-dən çox insanın yaralanması ilə nəticələnən hücuma cavab olaraq, çərşənbə günü İraq və Suriyadakı kürd militantlarının hədəflərinə zərbələr endirib.
Müdafiə Nazirliyi hava hücumu zamanı 30-dan çox hədəfin "məhv edildiyini" bildirsə də, vurulan yerlər barədə təfərrüatları açıqlamayıb. Nazirik mülki əhaliyə zərər verməmək üçün "hər cür ehtiyat tədbirləri" görüldüyünü deyib.
Havadan zərbələr kürd militantları olduğundan şübhələnilənlərin partlayıcıları işə salaraq, aerokosmik və müdafiə şirkəti TUSAŞ-a hücumundan bir neçə saat sonra endirilib.
Daxili işlər naziri Əli Yerlikayanın bildirdiyinə görə, hücum edən iki nəfər, bir qadın və bir kişi öldürülüb. Hücum zamanı 7-si təhlükəsizlik işçisi olmaqla, azı 22 nəfər yaralanıb.
Yerlikaya deyib ki, müdafiə şirkətinə hücumun arxasında silahlı Kürdüstan Fəhlə Partiyasının (PKK) dayandığı güman edilir. Müdafiə naziri Yaşar Gülər də hücumun PKK tərəfindən həyata keçirildiyini deyib.
Gülər "Bu PKK alçaqlarına hər dəfə layiq olduqları cəzanı veririk. Lakin heç vaxt özlərinə gəlmirlər. Son terrorçu məhv edilənə qədər onları təqib edəcəyik" deyib.
Türkiyə mütəmadi olaraq, kürdlərin İraqda məskunlaşan PKK qrupuna və Suriyadakı militantlarla əlaqəsi olan üsyançı qrupa qarşı hava hücumları təşkil edir.
PKK hücumla bağlı açıqlama verməyib.
"İslam Dövləti" qruplaşması və solçu ekstremistlər Türkiyədə bundan əvvəl də hücumlar həyata keçirib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyada keçirilən BRICS toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı "Mən bu mənfur terror aktını qınayıram" deyib.
Putin başsağlığı verib. ABŞ səfirliyinin bəyanatında isə Vaşinqton "bugünkü terror aktını qətiyyətlə pisləyir" deyilib.
TUSAŞ mülki və hərbi təyyarələri, pilotsuz uçuş aparatlarını, eləcə də digər müdafiə sənayesi və kosmik sistemləri layihələndirir və istehsal edir. Onun PUA-ları Türkiyənin kürd militantlarına qarşı mübarizədə üstünlük əldə etməsində mühüm rol oynayıb.