Türkmənistan və Rusiya vətəndaşları Türkiyədə yaşamaq icazələrinin sayına görə ən böyük qrupları təşkil edir. Bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.
Ümumilikdə 1,1 milyondan çox xarici vətəndaş Türkiyədə yaşamaq icazəsi əsasında qalır. Onların əksəriyyəti Türkmənistan (109 min) və Rusiya (100 min) vətəndaşlarıdır.
İraq vətəndaşları ölkədə yaşamaq icazələrinin sayına görə üçüncü yerdədir (90 min). Daha sonra İran və Suriya (hər biri 79 min), Azərbaycan (68 min), Özbəkistan (52 min), Qazaxıstan (43 min), Əfqanıstan (41 min) və Ukrayna (37 min) vətəndaşları gəlir.
Türkiyə Miqrasiya İdarəsi müvəqqəti, tələbə, həmçinin ailələrin birləşməsi üçün verilən yaşayış icazələrini də nəzərə alıb.
Yaşayış icazəsi olan xaricilərin ən çoxu İstanbulda (təxminən 555 min), Antalyada (116 mindən çox) və Ankarada (71 mindən çox) qeydə alınıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan sonra ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb. Rusiyada "qismən" səfərbərlik elan edildikdən sonra isə ölkədən gedənlərin sayı daha da artıb. Rosstatın məlumatına görə, 2022-ci ildə Rusiyanı 24 milyondan çox insan tərk edib. Bu, 2021-ci illə müqayisədə təxminən 3 milyon çoxdur.
Türkiyə rusların kütləvi şəkildə səyahət etdiyi ölkələrdən biridir. Bununla belə, 2022-ci ilin martında Türkiyə hakimiyyəti yaşayış icazələrinin verilməsinə məhdudiyyətlər tətbiq etməyə və 2022-ci ilin dekabr ayının sonundan etibarən ruslara kirayə mənzil üçün turistlər vizası əsasında yaşayış icazəsinin verilməsindən kütləvi şəkildə imtina edilməyə başlayıb. İmtinaların səbəbləri ilə bağlı rəsmi şərhlər əvəzinə, bir çox Rusiya vətəndaşı on gün ərzində ölkəni tərk etmək haqda göstəriş alıb.
Türkmənistan vətəndaşları da ölkədə iqtisadi böhran və Berdiməhəmmədovun avtoritar rejimi səbəbindən ölkəni kütləvi şəkildə tərk edir.
Kütləvi mühacirəti dayandırmaq üçün Türkmənistan hakimiyyəti Ankaradan 2007-ci ildən qüvvədə olan Türkmənistan vətəndaşları üçün vizasız giriş rejimini ləğv etməyi istəyib. 2022-ci ilin sentyabrında Türkiyə hakimiyyəti Türkmənistan tərəfinin tələbi ilə bunu edib.
Azadlıq radiosunun Türkmən xidməti yazır ki, 2024-cü ilin əvvəlindən Türkiyənin Aşqabaddakı səfirliyi də evli olmayan qızlara və azyaşlı uşaqlı analara viza verməkdən imtina etməyə başlayıb.