Həsən Ruhani Türkiyədədir

İran prezidenti Həsən Ruhani ikigünlük Türkiyə səfəri çərçivəsində qarşılıqlı ticarət əlaqələri və regional əməkdaşlıq məsələlərini müzakirə edir. Bu, son 18 il ərzində İran prezidentinin Türkiyəyə ilk dövlət səfəridir. Türkiyə prezidenti Abdulla Gül iranlı həmkarının səfərini tarixi adlandırıb. O deyib ki, İranla Türkiyə bir sıra iqtisadi razılıqlar əldə edib.

İranın dövlət başçısı isə öz növbəsində Türkiyəni regionun mühüm ölkəsi adlandıraraq, prezidentliyi dövründə İranın qonşuları ilə əlaqələrini inkişaf etdərəcəyinə vəd verib.

İran və Türkiyə prezidentləri İranın nüvə proqramı və hazırda beynəlxalq miqyasda keçirilən nüvə danışıqlarını da müzakirəyə çıxaracaq.

Türkiyə İrana qarşı sanksiyaların ticarət əlaqələrinin genişlənməsinə əngəl hesab edir və müzakirələr yolu ilə vəziyyətin düzələcəyi, habelə İran-Türkiyə iqtisadi münasibətlərinin dərinləşəcəyinə ümid bəsləyir.

Həsən Ruhani səfəri zamanı İraq və Suriya kimi mühüm məsələlərin müzakirəsinin də gündəmə gətiriləcəyini bəyan edib.

Suriya İranla Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub. Belə ki, onlar münaqişənin əks tərəflərini dəstəkləyir.

Bundan əlavə Ankara Tehranın müttəfiqi, İraqın baş naziri Nuri Əl-Maliki ilə gərgin əlaqələrə malikdir.

Türkiyə və İran 2015-ci ilədək ticarət mübadiləsini iki dəfə artıraraq 30 milyard dollara qaldırmaq istəyir. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvar ayında Tehrana səfəri zamanı qarşıya məqsəd qoyulmuşdu.
Türkiyənin energetika naziri Taner Yıldız Türkiyənin basilica neft təminatçısı İranla mübahisələrin ticarət əlaqələrini geri saldığından gileylənib.