Türkiyədə polis nümyişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Türkiyə polisi baş nazir Rəcəb Tayyib Ərdoğan əleyhinə nümayişçilərə qarşı gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib.

Ötən cümə günündən bəri baş qaldıran etirazlar zamanı baş nazirin istefası tələb edilib. Tənqidçilər Ərdoğanı islamçı baxışlarını dünyəvi cəmiyyətə tətbiq etməkdə günahlandırır.

Bu gün Ankara və İstanbulda qiyam polisi ilə nümayişçilər arasında qarşıdurma olub.

Türkiyə liderlərinin sakitlik çağırışlarına baxmayaraq, etirazlar səngimək bilmir.

ABŞ dövlət katibi Con Kerri zorakılqıların dünya boyu narahatlıqlara səbəb olduğunu bildirib. O deyib ki, problemləri yalnız türklərin özləri həll etməlidir. Dövlət katibi ABŞ-ın sərbəst toplaşmaq və dinc etirazları dəstəklədiyini və qabaqcıl ölkələrin açıq cəmiyyətlər və siyasi sistemə malik olan ölkələr olduğunu bildirib.

Son 6 gün ərzində qarşıdurmalarda iki nəfər həlak olub, yüzlərlə polis və dinc vətəndaş xəsarət alıb.