Türkiyə rəsmiləri təyyarənin vurulmasına cavab olaraq atılacaq addımları nəzərdən keçirir (YENİLƏNİB)

Türkiyə prezidenti Abdulla Gül hərbi təyyarənin Suriyanın hava hövzəsini bilmədən poza bildiyi ehtimalını istisna etməyib, lakin deyib ki, insident cavabsız qoyulmayacaq.

Cənab Gül yüksək sürətlə uçan hərbi təyyarələrin qısa müddətə sərhədi keçə bilməsi hallarının baş verdiyini bildirib. O deyib ki, təhqiqat ABŞ istehsalı olan F-4 hərbi təyyarəsinin Türkiyə ərazisində vurulub-vurulmadığını müəyyən edəcək.

Türkiyə prezidentinin Suriyaya qarşı hərbi yolla cavab, ya da sanksiyaların gücləndirilməsi kimi hansı addımları nəzərdə tutduğu aydın deyil.

Suriya Türkiyə təyyarəsinin cümə günü Aralıq dənizində vurulduğunu bildirib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Xarici İşlər naziri Əhməd Davutoğlu Suriyanın hərbi təyyarəni vurması ilə bağlı insidentdən sonra atılacaq addımları hərbi və kəşfiyyat rəsmiləri müzakirə edib. İki saatdan artıq sürən görüşdə Türkiyənin Baş Qərargahlar rəisinin müavini, yüksək səviyyəli hərbi komandirlər və Milli Kəşfiyyat agentliyinin başçısının iştirak etdiyi bildirilir.

Mətbuat xarici işlər nazirliyinə istinad edərək görüş zamanı itkin düşmüş pilotların axtarışı məsələsinin də müzakirələrin diqqət mərkəzində olduğu haqda məlumat verib.

Suriya və Türkiyə silahlı qüvvələri pilotların axtarışını birgə həyata keçirir.

BMT-in Baş katibi Ban Ki Munun nümayəndəsi insidentin diplomatik yolla həll edilməsi üçün tərəflərin təmkin göstərəcəyinə ümid bəslədiyini bildirib.