Human Rights Watch Türkiyə polisinin zorakılıqlarını qınayıb

Human Rights Watch Türkiyənin təhlükəsizlik qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıqlarını qınayıb. İnsan haqlarının müdafiəsi təşkilatının bildirdiyinə görə, polis PKK-ya qarşı mübarizə adı altında həbsdə olan insanlarla kobud davranır.

Qurumun son hesabatı ölkənin cənub-şərq bölgəsində aparılan araşdırmalara əsaslanır. Sənəddə deyilir ki, araşdırmalardan əhalinin təzyiqlərin ən kobud formalarına məruz qaldığını müəyyən edilib.

İnsanlar həbs edilir, zəncirlər, dəyənəklər, tüfəng qundaqları ilə döyülür, saatlarla dizi üstə saxlanılır, öldürülməklə hədələnir

Human Rights Watch-un baş araşdırmaçısı Emma Sinkleyr Uebb kürdlərin əksəriyyət təşkil etdiyi həmin regionda polisin işgəncələrinə dair narahatlıqlar doğuran faktların sənədləşdirildiyini bildirir.

"İnsanlar işgəncələrə məruz qalanları xəstəxanaya çatdırdıqlarına görə həbs edilir, zəncirlər, dəyənəklər, tüfəng qundaqları ilə döyülür, saatlarla dizi üstə saxlanılır, öldürülməklə hədələnir."

Human Rights Watch-un hesabatında 17 yaşlı oğlanın güllə yarası aldığı və ona lazımi tibbi yardım göstərilmədiyi bildirilir. Onun həkimi oğlanın bir gözünün kor olduğunu deyib.

Türkiyə polisinin amansız təzyiqləri iyul ayında PKK ilə sülh razılığını dəstəkləyən dinc nümayişçilərə qarşı görülən tədbirlərlə bir daha büruzə vurub. O vaxtdan bəri gündəlik qarşıdurmalar nəticəsində yüzlərlə insan həlak olub.

Human Rights Watch bölgədə işin qorxu atmosferində aparıldığını bildirib.

Müşahidəçilərin dediyinə görə, zorakılıqların diqqətə alınmaması polisin sistematik təhdidlərini artıra bilər.

Türkiyə rəsmiləri Human Rights Watch-un hesabatına münasibət bildirməyib. Lakin daxili işlər naziri Selami Altınok PKK və onu dəstəkləyənlərin kompromizsiz cavablarla üzləşəcəyi barədə xəbərdarlıq edərək, lazım olduğu təqdirdə "onların başının əziləcəyini" deyib.