Kılıçdaroğlunun Ələvi dinindən olduğunu bəyan etməsi Türkiyədə siyasi mübahisələrə səbəb olub

Your browser doesn’t support HTML5

Kılıçdaroğlunun Ələvi dinindən olduğunu bəyan etməsi Türkiyədə siyasi mübahisələrə səbəb olub

Prezident Rəcəp Tayyib Ərdoğanın gələn ay keçiriləcək seçkilərdəki rəqibi İslamın azlıq Ələvi məzhəbinə mənsub olduğundan danışaraq Türkiyədə siyasi tabu ilə qarşı-qarşıya gəlib. Əsrlər boyu bu qrup ayrı-seçkilik və zorakılığa hədəf olub.

Prezidentliyə namizəd Kamal Kılıçdaroğlu YouTube vasitəsi ilə ilk dəfə səs verəcək seçicilərə müraciət edərək, özünün Ələvi dinindən olduğunu bəyan edib. Sünni müsəlmanların çoxluq təşkil etdiyi Türkiyədə əsrlər boyu qərəz və ayrı-seçkilikdən əziyyət çəkən ələvilərin siyasətdə bu cür etirafları çox nadir haldır. Din və Dövlət Münasibətləri üzrə Ekspert İstar Gözaydın: "Bu, İslamın sünnilərin anlayışından fərqli bir təsviridir. Rituallar fərqlidir. Fəlsəfəsi fərqlidir. Yəni qatı sünnilər bunu dinə zidd hesab edirlər".

Ələvilər məscidlərdə deyil, ibadətlərini Cemevlərdə rəqs edərək edir. İslamın bir çox təfsirlərindən fərqli olaraq, qadın və kişilər namazı ayrı-ayrılıqda qılmır və qadınlar başlarını örtmək məcburiyyətində deyil.

Ələvilər dəfələrlə məzhəb zorakılığının qurbanı olub. 1993-cü ildə dini qrup Ələvilərin mədəniyyət festivalına ev sahibliyi edən mehmanxananı yandıraraq, 37 nəfəri öldürmüşdü. Zorakılıq bu günə qədər davam edir. İstanbulun Kartal Cemevinin rəhbəri Selami Sarıtaş keçən il məzhəb izdihamı tərəfindən hücuma məruz qalmışdı. O, Kılıçdaroğlunun videosunu alqışlayır. "Bu video cəmiyyətimizə çox rahatlıq gətirdi. Ən azından indi iş o yerə çatıb ki, insanlar öz ələvi kimlikləri haqqında daha açıq danışa bilər. Biz uşaqlarımızın bu ölkədə təhlükəsiz yaşamalarını uşaqlarımızın bu ölkədə bərabər hüquqa malik olmalarını istəyirik".

Lakin Kılıçdaroğlu ölkəni parçalamaqda ittiham edilərək, sosial şəbəkələrdə hücumlara və təhdidlərə məruz qalıb. Prezident Rəcəp Tayyib Ərdoğan tez-tez Kılıçdaroğlunun ələvi kimliyinə üstüörtülü hücumlar edir.

İndiyədək Kılıçdaroğlunun dini kimliyi bir çox seçicilər arasında geniş şəkildə seçki maneəsi hesab olunurdu. Lakin o, dini və millətçi partiyalardan ibarət ittifaqa rəhbərlik etdiyi üçün bəzi müşahidəçilər Türkiyə cəmiyyətinin dəyişdiyini deyir. Panorama TR Araşdırma Mərkəzindən Osman Sərt: "Bu, ölkə üçün çox vacib idi. Ancaq indi müxalifət ittifaqı olan "Millət ittifaqı"na baxsanız, görərsiniz ki, orada islamçılar, millətçilər, dünyəvilər, ələvilər və sünnilər bir yerdədir və bu onu göstərir ki, bu, bəlkə də 10 il əvvəlki kimi çox da vacib deyil".

Kılıçdaroğlunun videosu siyasi qumar kimi qiymətləndirilsə də, 100 milyondan çox izlənmə ilə təsir göstərib. Din və Dövlət Münasibətləri üzrə Ekspert İstar Gözaydın: "Ələvi cəmiyyətinin bu günə qədər üzləşdiyi stiqmaları düşünsək, bu, çox, çox cəsarətli və çox vacib bir addımdır."

Getdikcə yaxınlaşan seçkilərdə Kılıçdaroğlunun qumarının bəhrəsini verib-verməyəcəyi qaranlıq olaraq qalır. Lakin qalib gəlsə və ya uduzsa belə, bəzi müşahidəçilər onun artıq ölkənin siyasi mənzərəsini dəyişdiyini deyir.