ABŞ ordusunun generalı Türkiyənin gündəlik “Yeni Şafak” qəzetində dərc olunan məqalə ilə bağlı sərt mövqedən çıxış edib. Birgə qərargahlar rəisi Co Danford məqaləni “absurd” adlandırıb.
Qəzetin adı açıqlanmayan mənbəyə istinadən yazdığına görə, NATO-nun Əfqanıstandakı qüvvələrinə başçılıq edən general Con Kampbell təqaüdə çıxdıqdan sonra Türkiyəyə səfər edərək, çevrilişi təşkil edən ordu nümayəndələrinə milyardlarla dollar ödəyib.
“General Kampbellin belə bir işlə əlaqəsi olduğuna dair iddialar absurddur,” deyə general bildirib.
Ordunun bəyanatında deyilir ki, təqaüddə olan general türk mətbuatının onun Türkiyədəki siyasi fəaliyyətlərə müdaxiləsinə dair yazılanları qətiyyətlə rədd edir.
Polkovnik Patrik Siber Amerikanın Səsinə Kampbellə bu ayın əvvəllərində görüşdüyünü və onun Türkiyəyə ABŞ hökumətinin mövqeyini dəstəkləmək üçün səfər etdiyini bildirib.
Məqalə Türkiyə rəsmilərinin ABŞ-da yaşayan müxalif dini lider Fətullah Gülənin Türkiyədə çevriliş cəhdinin arxasında durduğuna dair ittihamlarından sonra yazılıb.
Türkiyənin Gülənin ekstradisiya tələbinə dair Ağ Evin sözçüsü Con Ernest bildirib ki, Amerika hazırda Türkiyənin ekstradisiya ilə bağlı sənədlərini nəzərdən keçirir. Gülən isə çevriliş cəhdi ilə əlaqəsi olduğunu rədd edir.
General Kampbellin belə bir işlə əlaqəsi olduğuna dair iddialar absurddu
Suriya və İraqla sərhəd bölüşən Türkiyə İŞİD-lə mübarizədə Amerikanın yaxın müttəfiqidir. ABŞ-ın 3 mindən artıq əsgəri qüvvəsi hazırda Türkiyədə xidmət göstərir.
Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri Türkiyənin İncirlik hava bazasından İslam Dövlətinə qarşı əməliyyatlar həyata keçirir.