Türkiyə Məhkəməsi Camal Xaşuqçinin qətlində şübhəli bilinən səudiyyəlilərin məhkəmə işini dayandırıb

Camal Xaşuqçının nişanlısı Xədicə Cengiz

Türkiyə məhkəməsi jurnalist Camal Xaşuqçinin vəhşicəsinə öldürülməsində ittiham olunan 26 səudiyyəlinin mühakiməsini dayandırıb və məhkəmə prosesinin Səudiyyə Ərəbistanına köçürülməsinə qərar verib.

Səudiyyəlilər 2018-ci ildə türk nişanlısı ilə evlənmək üçün sənəd almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olan Xaşukçinin öldürülməsindən sonra qiyabi mühakimə olunurdu.

Səudiyyənin kral ailəsini sərt tənqid edən yazarın qətli dünyanı dəhşətə gətirmişdi. ABŞ kəşfiyyatının bir il əvvəl açıqladığı hesabatda deyilirdi ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2018-ci ildə qətlə yetirilən jurnalist Camal Xaşuqçinin tutulması və ya öldürülməsi əməliyyatını təsdiqləyib.

ABŞ vətəndaşı olan və The Washington Post qəzetində vəlihəd şahzadənin siyasətini tənqid edən köşə yazarı Camal Xaşuqçi krallığın İstanbuldakı konsulluğunda vəliəhdlə əlaqəsi olan əməliyyatçı qrup tərəfindən öldürülüb.

ABŞ Milli Kəşfiyyat İdarəsinin saytında yerləşdirilən hesabatda deyilir ki, "Biz Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Türkiyənin İstanbul şəhərində səudiyyəli jurnalist Camal Xaşuqçini tutmaq və ya öldürmək üçün bir əməliyyatı təsdiqlədiyi qənaətinə gəlmişik".

Rəsmi Riyad Səudiyyə Ərəbistanının de fakto lideri olan vəlihəd şahzadənin əməliyyatla hər hansı bir əlaqəsini rədd edib.

Məhkəmə 2020-ci ildə iki sünni müsəlman xalqı arasında gərgin münasibətlərin fonunda başlayıb. Lakin Türkiyə mübarizə aparan iqtisadiyyatını gücləndirmək üçün investisiya axtardığı üçün Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.

İnsan haqları qrupları Türkiyə məhkəməsinin mühakiməni Səudiyyə Ərəbistanına keçirmək qərarını pisləyib.